Məhkəmə qərarları › İş №e-2-2(121)-293/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-293/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-293/2021 24.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 863,71 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini büdcəyə ödəmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan vergi borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun dövlət büdcəsinə ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən vergi borcu ödənilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə hesablanan vergi borcundan onun 2020-ci ildə xəbəri olmuşdur. Pandemiya ilə əlaqədar olaraq o işləməmiş, ona görə də borcunu ödəyə bilməmişdir. Onun cəmi 533 manat vergi borcu var. Hesablanan faizləri qəbul etmir. Əmlak və torpaq onun xüsusi mülkiyyətidir. 6.000 manata əmlakının qiymətləndirilib siyahıya alınmasına etiraz edir. Onun əmlakının dəyəri o qədər deyil. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində qeyd olunan tələbi müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əmlakının siyahıya alınması haqqında qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89cu maddəsinə əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əmlaklarının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan əmlakının siyahıya alınması haqqında xx xxxxxx 2020-ci il tarixli protokolun və protokola əlavə edilmiş siyahının surətlərindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən, sahəsi 1.006,1 kv.m. olan qeyriyaşayış binası 6.000 manat dəyərində siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, siyahıya alınmış əmlak Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məsul saxlanmaya verilmişdir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixə vergi borcu 1.020,46 manat təşkil etmişdir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli, **********2 saylı bildirişin surətindən görünür ki, yaranmış borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi cavabdehdən tələb edilmişdir. Cavabdehin həmin müddət ərzində borcun ödənilməsini təmin etməsi iş materialları ilə müəyyən olunmur. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, qanunverciliyin müddəalarını nəzərə alaraq, məsul saxlamaya qoyulmaq üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmiş siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Buna görə də iddiaçı tərəfindən cavabdehin əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbinə görə vergiləri və digər ödənişləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, borclarını ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, borcun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2011-ci il tarixli Qərarında, həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qanunla üzərinə düşən ödənişləri (borcları) tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, borcların onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Lakin, məhkəmə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən, sahəsi 1.006,1 kv.m. olan qeyri-yaşayış binasının 6.000 manat qiymətləndirilməsini ağlabatan hesab etmir. Bununla belə, cavabdehin vergi borcu olduğundan və bu borc ödənilmədiyindən, onun qeyd olunan əmlakının ixtisaslaşdırılmış açıq hərracdan satılmalı olması ilə razılaşdığından, məhkəmə iddianın təmin edilməli olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən, siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, vergi borcunun ödənilməsi məqsədilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən, sahəsi 1.006,1 kv.m. olan qeyri-yaşayış binası ixtisaslaşdırılmış açıq hərracdan satılarkən, onun qiymətləndirilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 863,71 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarına əsasən siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 863,71 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 863,71 (səkkiz yüz altmış üç manat, yetmiş bir qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarına əsasən siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 863,71 (səkkiz yüz altmış üç manat, yetmiş bir qəpik) manat məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar