Məhkəmə qərarları › İş №e-2-2(121)-294/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-294/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-294/2021 16.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1, Cavabdeh Biləsuvar rayon Nəsimi Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Biləsuvar rayon Nəsimi Bələdiyyəsinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh Biləsuvar rayon Nəsimikənd Bələdiyyəsinə (bundan sonra Biləsuvar rayon Nəsimi Bələdiyyəsi) qarşı cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15893.86 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini büdcəyə ödəmədiyinə görə vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun dövlət büdcəsinə ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Biləsuvar rayon Nəsimi Bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun Dövlət Sosial Müdafiə Fonduna 15893.86 manat məbləğində borcu yaranmışdır. İşdən görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2020-ci il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2020-ci il tarixli qərarı əsasında xx.xx.2020-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak ümumi dəyəri 28000 manat olan əmlak – vahidinin dəyəri 14000 manat olan 2 hektar torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, ünvan 1i ünvanında yerləşən, kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”na aid edilmiş, məqsədli istifadə növü “sahibkarlıq” olan 2 ha torpaq sahəsi Biləsuvar rayon Nəsimi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona xx.xx.2011-ci il tarixdə MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilən “Bələdiyyə torpaqlarının icarəsi müqaviləsi”nin surətindən görünür ki, Biləsuvar rayon Nəsimi Bələdiyyəsi ilə “xxxx” MMC arasında xx.xx.2011-ci il tarixdə icarə müqaviləsi bağlanmış və Biləsuvar rayon Nəsimi Bələdiyyəsinin mülkiyyətində olan 2 ha torpaq sahəsi müvəqqəti istifadə üçün “xxxx” MMC-yə icarəyə verilmişdir. İşə əlavə edilən Biləsuvar rayon Nəsimi Bələdiyyəsinin 2020-ci ilin İV rübündə DSMF-yə köçürmüş olduğu pullar barədə məlumatdan görünür ki, Biləsuvar rayon Nəsimi Bələdiyyəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövr ərzində cəmi 830 manat məbləğində ödənişlər etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ixtisaslaşdırılmış açıq hərracda satılması tələb edilən və cavabdehin mülkiyyətində olan torpaq sahəsi torpaq icarə müqaviləsi əsasında müvəqqəti istifadə üçün “xxxx” MMC-yə icarəyə verilmişdir. Belə olan halda, iddiaçının mövcud iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1 və 706.2-ci maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Qeyd edilən Məcəllənin 75-cı maddəsinin 1-ciı bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə üçün “xxxx” MMC-yə icarəyə verildiyindən, iddiaçının mövcud tələbi üçüncü şəxs “xxxx” MMC-nin hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Belə olan halda, göstərilən iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Qeyd edilən Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş ardıcıllığa riayət etmədən, yəni, iddiaçı cavabdehə məxsus digər əmlakların olub-olmamasını müəyyən etmədən, cavabdehin mülkiyyətində olan və icarə müqaviləsi əsasında müvəqqəti istifadə üçün “xxxx” MMC-yə icarəyə verilmiş torpaq sahəsinin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməsi əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, mövcud iddia tələbi isə rədd edildiyindən, dövlət rüsumu cavabdehdən tutula bilməz. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.7-ci madəsinə əsasən, vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh Biləsuvar rayon Nəsimi Bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15893.86 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar