Məhkəmə qərarları › İş №e-2-2(121)-352/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-352/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-352/2022 01.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05.01.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 850,17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18.11.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 18.11.2021-ci il tarixə yaranan 920.17 manat borcuna görə 1000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 01.12.2021-ci il tarixli **********9 saylıProtokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 06.12.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 05.01.2022-ci il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 850.17 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə 850,17 manat məbləğində vergi borcu yaranmışdır. Vergi orqanı olan iddiaçı 25.10.2021-ci il tarixli, **********6 saylı bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 18.11.2021-ci il tarixli, **********9 saylı qərarı əsasında 01.12.2021-ci il tarixli protokol və həmin protokola 1 saylı əlavə ilə cavabdehə məxsus ümumi dəyəri 1000 manat olan əmlaklar siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 01.12.2021-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan 06.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qanunverciliyin müddəalarını nəzərə alaraq, məsul saxlamaya qoyulmaq üçün Cavabdeh təhvil verilmiş siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuş, həmçinin Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının ünvan 1 ünvanlanaraq məhkəmə tərəfindən tərtib olunmuş sənədlərin Cavabdeh təqdim edilməsi qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir; -78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir; -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. -89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. -90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. - 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. - 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alınması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 05.01.2022-ci il tarixə dövlət büdcəsinə vergi borcu yaranmışdır və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə 05.01.2022-ci il tarixə yaranmış 850,17 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 1000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci madəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsəsən, büdcə təşkilatları məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü, 357-ci və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 05.01.2022-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 850,17 (səkkiz yüz əlli manat, on yeddi qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 18.11.2021-ci il tarixli, **********9 saylı qərarına əsasən siyahıya alınmış 1.000 (bir min) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 850,17 (səkkiz yüz əlli manat, on yeddi qəpik) manat məbləğində vergi borcu və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar