Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-403/2022 19.01.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – iddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddia ərizəsini (Şirvan şəhərində) nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İddia ərizəsinin məzmunundan da aydın olur ki, cavabdeh yoxlama üçün zəruri sənədləri təqdim etmədiyindən iddiaçı tərəfindən mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Belə ki, iddiaçının qərarı ilə cavabdeh barəsində səyyar vergi yoxlaması həyata keçirilməsini qərara almışdır. İddiaçıya görə cavabdeh yoxlama ilə bağlı zəruri sənədləri təqdim etməkdən imtina etmişdir. Tərəflər arasında iddiaçının inzibati orqan kimi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, hazırkı vəziyyətdə sahibkarlıq subyekti ilə vergi orqanı arasında yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmaqla inzibati məhkəmə icraatı qaydasında həll edilə bilər. İddiaçının qəbul etdiyi aktın nəticəsində iddiaçı ilə cavabdeh arasında publik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. Bununla belə, qanunvericiliyə əsasən, bəzi hallarda inzibati orqan (iddiaçı) mübahisə ilə əlaqədar yekun qərar qəbul etmək hüququna malik olmur. Məsələn, hazırkı halda Vergi Məcəlləsinin 43.10-cu maddəsinə görə iddiaçı sənədlərin götürülməsi barədə özü qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bu halda mübahisə məhkəmə icraatı qaydasında həllini tapa bilər. Odur ki, iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti yarandığından İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Qeyd edilən Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi, iddiaçı yoxlama aparılması ilə bağlı cavabdehdən sənədlərin təqdim edilməsini xahiş edir. İnzibati Prosessual Məcəllənin 2.2.3 və 34.1-ci maddələrinə əsasən bu öhdəliyin icrası haqqında iddia növüdür. Öhdəliyin icrası haqqında iddia özü-özlüyündə müəyyən hərəkətin edilməsinin tələb olunması ilə bağlıdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə kommersiya məhkəməsi tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10.04.2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-403/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-403/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver