Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-423/2021 01.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1.500 manat borc və 20 manat dövlət rüsumunun, cəmi 1.520 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) ərizə ilə məhkəməyə müraciət edərək, 1.500 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor İddiaçı ASC (“xxxx” ASC) ilə borclu Cavabdeh arasında bağlanmış 2019-cu il 14 may tarixli 05/00023778 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2035 markalı ******* şassi nömrəli, V 13758 mühərrik nömrəli traktoru 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 05/00023778 nömrəli müqaviləyə əsasən 3 000,00 (üç min) manat öhdəlikdən 1 500,00 (min beş yüz) manat ödəniş edərək 1 500,00 (min beş yüz) manat borcu qalmışdır. Borclunun Cəmiyyətə halhazırda 1 500,00 (min beş yüz) manat borcu vardır. Lakin, borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Kommersiya Məhkəməsinin 18.02.2021-ci il tarixli, e-2-2(121)-423/2021 saylı məhkəmə əmri ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilmişdir. Borcu Cavabdeh məhkəməyə ünvanlanmış müraciətində qeyd edilir ki, 2019-cu il tarixində Beyləqan, Xocavənd İddiaçı ASC-dən 2 aylıq müqavilə ilə taxılbiçən kombayn götürmüş və müqaviləyə uyğun olaraq pulun 50% ni ödəmişdir. Müqavilədə ödənişin 3.000 manat olduğuna baxmayaraq servis tərəfindən ona bildirmişlər ki, ödənişin 50%-ni ödəməlidir, yerdə qalan 50 %-ni isə kombaynın ehtiyat hissələrinə ayırmalıdır. Bir müddət keçdikdən sonra Kənd Təsərrüfatı Nazirliyindən Aqşin və İlyas adlı iki nəfər servisə gələrək iclas keçirmişdər. Bildirmişlər ki, koronavirusla əlaqədar onların yerdə qalan borcu tam silinmişdir. 2020-ci ildə müqavilə əsasında yenidən taxılbiçən kombayn götürmüşdür və tam ödənişini etmişdir. Hazırda yenidən kombayn götürmək üçün servisə müraciət etsə də onun 2019-cu ildə 50% borcu olduğu üçün ona kombayn vermirlər. Odur ki, servisdən narazı olaraq etirazını bildirir və ona ailə vəziyyətinin ağır olması, işsiz olmasına görə köməklik edilməsini xahiş edir. Borclunun etiraz ərizəsinə əsasən Şirvan Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli, e-2-2(121)-423/2021 saylı qərardadı ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh qarşı 1.500 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 18.02.2021-ci il tarixli, e-2-2(121)-423/2021 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 14 may 2019-cu il tarixli, 05/00023778 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında “kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ümumi məbləği 3000 manat olan, biçin mövsümü müddətində (2 ay), 1 ədəd SR-2035 markalı, ******* şassi nömrəli, V 13758 mühərrik nömrəli kombayn taxılyığanı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən 14 may 2019-cu il tarixli, F00023778 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, Sampo Rosenlew SR-2035 markalı, buraxılış ili 2009-cu il, ******* şassi nömrəli, V 13758 mühərrik nömrəli kombayn taxılyığan “xxxx” ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin rəhbəri X3 tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə götürəndən geri alınarkən tərtib edilən 29 iyul 2019-cu il tarixli, 9 259 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, Sampo Rosenlew SR-2035 markalı, buraxılış ili 2009-cu il, ******* şassi nömrəli, V 13758 mühərrik nömrəli kombayn taxılyığan Cavabdeh tərəfindən “xxxx” ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin rəhbəri X1 təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC (“xxxx” ASC) tərəfindən Cavabdeh ünvanlanmış 28.01.2021-ci il tarixli, 23/P-182 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC (“xxxx” ASC) borclu Cavabdeh pretenziya məktubu ünvanlayaraq yaranmış 1500 manat məbləğində borcun qısa zaman ərzində İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 12.02.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Cavabdeh tərəfindən 14.05.2019-cu il tarixli 05/00023778 saylı müqavilə əsasında müəyyən edilmiş 3000 manat ödəniş məbləğindən 1500 manatı ödənilmiş, qalıq borc isə 1500 manat təşkil edir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14.05.2019-cu il tarixli, 05/00023778 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh 14.05.2019-ci il tarixli 05/00023778 saylı müqavilə əsasında müəyyən edilmiş 3.000 manat ödəniş məbləğindən 1.500 manatı ödəmiş, qalıq borc isə 1.500 manat təşkil edir. Cavabdeh 22 aprel 2021-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edərək etiraz ərizəsinə uyğun izahat verərək qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla belə, Cavabdeh tərəfindən 1.500 manat borcun ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən məhkəmə əmri haqqında ərizə verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat olmaqla, ümumilikdə 1.520 (bir min beş yüz iyirmi) manat tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-423/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-423/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver