Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-441/2022 25.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsi ilə satılması barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.12.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10.123,49 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 50.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16/08/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16/08/2021 tarixə yaranan 15115.99 manat borcuna görə 50000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 21/10/2021 tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 26/10/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16/08/2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 10123.49 manat ödənilməmiş borcu qalmışdır. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddia ərizsinin hazırlandığı 17.12.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10.123,49 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 50.000 manat məbləğində siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsi ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh 17 dekabr 2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 10.123,49 manat borcu vardır. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 16 iyul 2021-ci il tarixli, **********3 saylı bildirişdən görünür ki, Cavabdeh 16 iyul 2021-ci il tarixə, ümumilikdə 15.115,99 manat (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 10.228,59 manat, maliyyə sanksiyaları üzrə 40 manat, faizlər üzrə 4.847,40manat) məbləğində borcunun olması bildirilərək göstərilən borcun 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli, **********1 saylı sərəncamdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh (VÖEN: **********) “Kapital Bank SB”-nin Salyan rayon filialında olan hesabından vergi borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “əmlakın siyahıya alınması haqqında” 16.08.2021-ci il tarixli, **********9 saylı qərarından görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlakının siyahıya alınmasının həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş siyahıdan görünür ki, reyestr nömrəsi **********38-12301 olan, Salyan şəhəri, T.Davudzadə-104 ünvanında yerləşən, ümumi dəyəri 50.000 (əlli min) manat olan əmlak - bazar siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 21 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh nümayəndəsi X3 məsul saxlanmaya verilmişdir. X5 aktı və protokolu imzalayaraq, surətlərini almışdır. İş materiallarında olan Cavabdehnə ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin 02.12.2016-cı il tarixli texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən Kolxoz bazarı (əmlak kompleksi) X1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********38-12301 olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə X1 tam mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh nizamnaməsinə edilmiş 2019-cu il tarixli dəyişikliyin surətindən görünür ki, şirkətin təsisçisi 100% payla X2r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdehin şəxsi hesab vərəqəsində 17 dekabr 2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan borc məbləğinin 10.123,49 manat olduğu müəyyən edilmiş və həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi orqanının qərarı əsasında X1 50.000 manat dəyərində daşınmaz əmlakı siyahıya alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınaraq satılması tələb edilən və Cavabdeh mülkiyyətində olmayan əmlak siyahıya alınmışdır. Belə olan halda, iddiaçının mövcud iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alınması əsaslarından biridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hüquqi şəxslərdən vergilər üzrə borcların və faizlərin alınması Qaydalarının təsdiq edilməsi barədə” 23 fevral 2001-ci il tarixli, 45 saylı Qərarının 3.5-ci bəndinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanının qərarı əsasında siyahıya alınmış ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (bazar) Cavabdeh deyil, şirkətin təsisçisi X1 mülkiyyətində olduğundan, yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi yalnız Cavabdehnə məxsus əmlak siyahıya alınmalı olduğundan, o cümlədən həmin hüquqi şəxsin təsisçisi X4 hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımadığından, iddiaçının mövcud tələbi üçüncü şəxsin konstitusion hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, göstərilən iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, mövcud iddia tələbi rədd edildiyindən, iddiaçı isə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsi ilə satılması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-441/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-441/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver