Məhkəmə qərarları › İş №e-2-2(121)-514/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-514/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-514/2022 24.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.11.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 117.405,48 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 150.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 09/09/2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 10/09/2019-cu il tarixə yaranan 218.143,54 manat borcuna görə 226.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 21/10/2019-cu il tarixli **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 10/09/2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 10/09/2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 218.143,54 manat ödənilməmiş borcu qalmışdır. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə ödənilməmiş 117.405,48 manat məbləğində borcun ödənilməməsinin təmin edilməsi məqsədilə 150.000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə baxılmasını iş həcminin çoxluğu ilə əlaqədar onların iştirakı olmadan keçirib, cavabdehin dövlət büdcəsinə 52.317,64 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 150.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə baxılmasını iş həcminin çoxluğu ilə əlaqədar onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-ci maddələrə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan vergi borcunun ödənilməsinə dair 16 noyabr 2021-ci il tarixli, **********9 saylı bildirişdən görünür ki, Cavabdeh MMC-nin 16.11.2021-ci il tarixə dövlət büdcəsinə, ümumilikdə 230.001,81 manat (vergilər üzrə 135.530,13 manat, maliyyə sanksiyaları üzrə 86.303,00 manat, faizlər üzrə 8.168,68 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat) məbləğində borcunun olması bildirilərək göstərilən borcun 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixli, **********2 saylı sərəncamdan görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) "xxxx" ASC-nin “İmişli” rayon filialında olan hesabından vergi borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “əmlakının siyahıya alınması haqqında” 23.11.2021-ci il tarixli, **********6 saylı qərarından görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh MMC-nin əmlaklarının siyahıya alınmasının həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 15 dekabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh MMC-yə məxsus İmişli şəhəri, Telestudiya küçəsi, ev.38 ünvanında yerləşən spirtli ickilər istehsalı sexində dəyəri 150.000 manat olan əmlak(lar) siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh MMC-nin rəhbəri X1 məsul saxlanmaya verilmişdir. X2 aktı və protokolu imzalayaraq, surətini almışdır. İş materiallarında olan Cavabdeh MMC-yə ünvanlanmış 20 dekabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh MMC-nin 08 fevral 2022-ci il tarixə vergi borcu 121.656,33 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdehin şəxsi hesab vərəqəsində 08 fevral 2022-ci il tarixə cəmi ödənilməli olan vergi borcu 121.656,33 manat göstərilsə də, iddiaçı 17.05.2022-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğinin 52.317,64 manat olduğunu qeyd etmiş və həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 150.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC qanunla üzərinə düşən vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli Fərmanının 1.6-cı bəndinə əsasən həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 246,95 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-nin 17.05.2022-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 52.317,64 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 23 noyabr 2021-ci il tarixli, **********6 saylı qərarına əsasən siyahıya alınmış 150.000 manat məbləğində əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 52.317,64 manat məbləğində vergi borcu və 246,95 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 17 may 2022-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 52.317,64 (əlli iki min üç yüz on yeddi manat, atmış dörd qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 23 noyabr 2021-ci il tarixli, **********6 saylı qərarına əsasən siyahıya alınmış 150.000 (bir yüz əlli min) manat məbləğində əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 17 may 2022-ci il tarixə dövlət büdcəsinə olan 52.317,64 (əlli iki min üç yüz on yeddi manat, atmış dörd qəpik) manat məbləğində vergi borcu və 246,95 (iki yüz qırx altı manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar