Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-52/2020 19.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X3 cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X5 cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 29.617,04 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 70.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə vergi borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini büdcəyə ödəmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarılmış, həmin qərar əsasında yaranan 29617,04 manat vergi borcuna görə 70.000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun dövlət büdcəsinə ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixə həmin borc məbləğindən dövlət büdcəsinə 29.617,04 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X3 nümayəndəsi və cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X3 “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx xxxx 2019-cu tarixli, **********0 nömrəli qərarının surətindən görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən “Bəhrəmtəpə- Çınqıl” Açıq Səhmdar Cəmiyyətinin əmlaklarının siyahıya alınmasının həyata keçirilməsi dövlət vergi müfəttişi X1 tapşırılmışdır. İş materiallarında olan “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəliklərini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx xxxx 2019-cu il tarixli protokolun və protokola əlavə edilmiş siyahının surətlərindən görünür ki, cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinin İmişli rayonu, Bəhrəmtəpə ŞTQ-da yerləşən karxanada 70.000 (yetmiş min) manat dəyərində 1 ədəd qum yuyan əmlakı siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, siyahıya alınmış əmlak “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinə məsul saxlanmaya verilmişdir. “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinin sahə rəisi X2 aktı və protokolu imzalayaraq, surətlərini almışdır. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxxx 2019-cu il tarixə vergi borcu 199.447,78 manat təşkil etmişdir. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, **********0 saylı sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X5 tərəfindən cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) “X4” ASCdə olan hesabından vergi borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx xxxxx 2019-cu il tarixli, **********9 saylı bildirişin surətindən görünür ki, cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinə xx xxxxx 2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 31,522.90 manat (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 30,927.58 manat və faizlər üzrə 595.32 manat) məbləğində borcunun olması bildirilərək göstərilən borcların 5 gün müddətində ödəməsi təklif olunmuşdur. İş materiallarında olan “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyəti vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdehin şəxsi hesab vərəqəsində cəmi ödənilməli borc xx xxxxxxx 2019-cu il tarixə vergi borcu 199.447,78 manat göstərilsə də, iddiaçı xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə olan borc məbləğinin 29.617,04 manat olduğunu qeyd etmiş və həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbinə görə vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, vergi borcunu ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2011-ci il tarixli Qərarında, həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyəti qanunla üzərinə düşən vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2019-cu il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 29.617,04 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X3 xx xxxx 2019-cu tarixli, **********0 nömrəli qərarına əsasən siyahıya alınmış 70.000 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 29.617,04 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Bəhrəmtəpə-Çınqıl” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2019-cu il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 29.617,04 (iyirmi doqquz min altı yüz on yeddi manat, dörd qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı X3 xx xxxx 2019-cu tarixli, **********0 nömrəli qərarına əsasən siyahıya alınmış 70.000 (yetmiş min) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 29.617,04 (iyirmi doqquz min altı yüz on yeddi manat, dörd qəpik) manat məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-52/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-52/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver