Məhkəmə qərarları › İş №e-2-2(121)-707/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-707/2025

09.04.2025 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-707/2025 09.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 58293.18 manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 17 487.95 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 2914.65 gecikdirmə faizi olmaqla ümumiliklə 78695.78 manat məbləğin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 327 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 320 manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında 07 yanvar 2024-cü il tarixli, 04 AMP/2024 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, elektron mallarını (bundan sonra müqavilədə “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X5”da göstərilir. Müqavilənin 3.2.1-ci bəndində qeyd olunmuşdur ki, Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Tərəflər arasında imzalanmış X2 və Təhvil - Təslim Aktına əsasən Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən aşağıda qeyd edilən məbləğ ödənilməmişdir: 1) xx.xx.2024-cü il tarixli, 291445 saylı, EBDX seriyalı elektron qaimə faktura üzrə 58293.18 (əlli səkkiz min iki yüz doxsan üç manat 18 qəpik) manat (ƏDV daxil) Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 58293.18 (əlli səkkiz min iki yüz doxsan üç manat 18 qəpik) manat dəyərində əsas borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Müqavilənin 6.5-ci bəndinə görə ödəniş hər gecikdirilmiş gün 0,1 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. Tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də cavabdeh pretenziya məktubunun ona çatdığı gündən 10 (on) iş günü ərzində öhdəliyini tam icra etməmişdir. Beləliklə, Cavabdeh ASC–nin İddiaçı MMC–yə 58293.18 (əlli səkkiz min iki yüz doxsan üç manat 18 qəpik) manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 17 487.95 (on yeddi min dörd yüz səksən yeddi manat 95 qəpik) manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 2914.65 (iki min doqquz yüz on dörd manat 65 qəpik) gecikdirmə faizi olmaqla ümumiliklə 78695.78 (yetmiş səkkiz min altı yüz doxsan beş manat 78 qəpik) manat borc məbləği yaranmışdır İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında iddianı qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, malları tam şəkildə təhvil almamışlar, təhvil alınmış mallara görə yaranmış yaranmış borcdan 15000 manat hissəsini iddiaçıya ödəmişlər, tərəflər arasında müqavilənin müddəti bitməmişdir, tərəflərindən müqaviləni etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət ediləcəkdir. Sonda cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04 AMP/2024 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, Müqavilə satıcı ilə alıcı arasında, atipik-çərçivə alqı-satqı müqaviləsi olmaqla, alıcının müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında satıcının satılanın sahiblik və mülkiyyətini alıcıya ötürməyi alıcının isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. 2.1-ci bəndinə əsasən, malın qiyməti Qiymətlərin razılaşdırılması protokolu və ya satıcının qiymət siyahısı (price list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. 6.5-ci bəndinə əsasən, müqavilə üzrə razılaşdırılmış ödəniş nəzərdə tutulan müddət ərzində Alıcı tərəfindən ödənilmədiyi təqdirdə Satıcı hər gecikdirlmiş gün üçün 0,1% miqdarında cərimə tələb etmək hüququna malikdir. 9.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və atipik müddətsiz (hər dəfə avtomatik uzadılma) olmaqla, 1(bir) ay müddətinə - xx.xx.2025-ci il – tarixinədək qüvvədədir. Müqavilənin müddətinin bitməsinə 15 gün qalanadək tərəflərdən heç biri ona xitam verilməsi barədə digər tərəfə bildiriş verməzsə müqavilə daha bir il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə veriləcək malların ümumi dəyəri 58293,18 manat təşkil edir. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş “Alınmış malların təhvil-təslimi barədə akt”ın görünür ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-nə ümumi dəyəri 58293,18 manat olan mal təhvil verilmişdir. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024cü il tarixli EBDX seriyalı 291445 nömrəli elektron qaimə-fakturanın surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş malların ümumi dəyəri 58293,18 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı mühasibat qeydlərinə əsasən, xx.xx.2024-cü il tarixə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin borcu 58293,18 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, OD11 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-nin hesabına tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04AMP 2024 nömrəli müqavilə və xx.xx.2024cü il tarixli, 9/2024 nömrəli hesab faktura üzrə 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AA240 seriyalı 11567065 nömrəli elektron qaimə-fakturanın surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2024-cü il tarixli, 04AMP 2024 nömrəli müqavilə üzrə görüləcək asfalt tikinti işlərinə görə avansın məbləği 17700 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04 AMP/2024 nömrəli müqavilə və EBDX seriyalı 291445 nömrəli elektron qaimə-faktura üzrə 15000 manat məblığində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışına əsasən, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04 AMP/2024 nömrəli müqavilə üzrə əsas məbləğ 49401 manat, ƏDV 8892,18 manat, cəmi 58293,18 manat məbləğində 291445 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə tərtib edilmişdir. Həmin borc təmin edilmədən tərəflər arasında xx.xx.2024-cü il tarixli 04AMP/2024 nömrəli müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli AA241011567 nömrəli avans ödənişi barədə elektron qaimə tərtib edilmişdir. Avans ödənişi barədə elektron qaimə əsasında xx.xx.2024-cü il tarixdə 15000 manat əsas məbləğ, 2700 manat ƏDV məbləği ödənilmişdir. Lakin iş görülmədiyi üçün avans olaraq ödənilmiş 15000 manat xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixə cavabdehin borcu 58293,18 manat təşkil edir. Beləliklə məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçıya borcunun olmadığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara, həmçinin tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malları cavabdehə təhvil verilməsi (hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən), təhvil verilmiş malların ümumi dəyərinin 58293,18 manat məbləğində olması (qiymət razılaşdırma protokoluna və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş elektron qaiməyə əsasən) və cavabdeh tərəfindən iddiaçının bank hesabına 15000 manat məbləğində pul vəsaitinin köçürüldüyü (ödəniş tapşırığına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarını cavabdehin təhvil aldığı malların dəyərini tam şəkildə ödəməməsi nəticəsində 58293,18 manat məbləğində borcunun qalması, cavabdeh tərəfindən ödənilmiş 15000 manat məbləğində pul vəsaitinin tərəflər arasında bağlanmış digər müqavilə üzrə həyata keçirildiyi barədə iddiaçının iddiası, malların tam şəkildə təhvil verilməməsinə görə tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməli olması, təhvil alınmış mallara görə yaranmış borcdan 15000 manat hissəsinin iddiaçıya ödənilməsi barədə cavabdehin etirazı təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, mülki prosesdə sübutetmə yükünün bölüşdürülməsi prinsip və qaydalarına görə iddia ərizəsində tələb olunan borc məbləğinin həcmini sübut etmək vəzifəsi iddiaçının, həmin borcdan 15000 manat məbləğində ödənişin edildiyini, malların tam şəkildə təhvil verilməməsini, müqavilənin etibarsızlığına dair halların mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04 AMP/2024 nömrəli müqavilə üzrə təhvil verilmiş mallara görə cavabdehin ödənilməmiş 58293, 18 manat məbləğində borcunun qalmasını sübut edə bilməmişdir, cavabdeh isə həmin müqavilə üzrə alınmış mallara görə iddiaçıya 15000 manat məbləğində ödəniş etdiyini sübut edə bilmişdir. Belə ki, iddiaçı onun hesabına cavabdeh tərəfindən ödənilmiş 15000 manat məbləğində pul vəsaitinin onların arasında bağlanmış digər müqavilə üzrə öhdəliklə bağlı olduğunu iddia etsə də, işdə olan ödəniş tapşırıqlarının məzmunlarının qarşılıqlı təhlilindən aydın olur ki, həmin ödənişin təyinatı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04 AMP/2024 nömrəli müqavilə və EBDX seriyalı 291445 nömrəli elektron qaimə-faktura üzrə borcun ödənilməsinə yönəlmişdir. Buna görə də, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ümumi dəyəri 58293,18 manat olan malların cavabdehə təhvil verilməsi işin mübahisiz halını təşkil etdiyi üçün, qeyd edilən ödəniş məbləği təhvil verilmiş malların ümumi dəyərindən çıxılmalı və nəticədə qalan məbləğ cavabdehin ödənilməmiş borcunun həcmi olaraq qəbul edilməlidir. Məhkəmə, iddiaçının cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin əsil təyinatının tərəflər arasında mövcud olan podrat münasibətləri üzrə verilmiş avansın geri qaytarılmasına yönəldilməli olması ilə bağlı mövqeyi ilə əlaqədar qeyd edir ki, iddiaçının həmin avans məbləğinin geri qaytarılmasına dair ayrıca tələb, o cümlədən iddia irəli sürmək hüququ vardır. Məhkəmə, cavabdehin malların tam şəkildə təhvil verilməməsi və tərəflər arasında bağlanmış alqı-satqı müqavilənin etibarsızlığına dair etirazının əsası kimi gətirdiyi dəlillərə baxılan işin müəyyən edilmiş hallarına əsasən qiymət verərək bu qənaətə gəlir ki, həmin dəlillər əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrası məqsədi ilə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 58293,18 manat təşkil edən malların təhvil verilməsi işin mübahisəsiz halıdır. Eləcə də, işin məhkəmə araşdırılması zamanı İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04 AMP/2024 nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığına dair hallar aşkar edilməmişdir, cavabdeh tərəfindən də belə hallara dair sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktı, elektron qaiməni, ödəniş tapşırıqlarını, tərəflərin izahatlarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən təhvil alınan mallara görə 43293,18 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının müqavilə üzrə əsas borcun tutulmasına dair iddiası qanuni və qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə görə, müqavilə üzrə razılaşdırılmış ödəniş nəzərdə tutulan müddət ərzində Alıcı tərəfindən ödənilmədiyi təqdirdə Satıcı hər gecikdirlmiş gün üçün 0,1% miqdarında cərimə tələb etmək hüququna malikdir. İşin halları ilə cavabdeh tərəfindən malların dəyərinin vaxtında və lazımi qaydada ödənilməməsi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələb olunan 17487,95 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə, göstərilmiş hüquqi yardım xidmətinə görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləğinin təmin edilmiş iddianın qiymətinə uyğun hissəsini təşkil edən 222,88 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 104,12 manat hissəsi isə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.1 və 114.2-ci maddələrinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2914,65 manat pulun cavabdehdən tutulması hissəsində əsassız olduğu qənaətinə gələrək qeyd edir ki, gecikdirmə faizinin tutulmasına dair iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə müqavilə üzrə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Baxılan iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zamankı redaksiyasında MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında isə göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi müqavilə müddəti bitdikdən sonra borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, işdən göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməmişdir və ya müqavilədən birtərəfli imtina olunmamışdır. Buna görə də, ərizə ilə məhkəməyə müraciət edilənədək qüvvədə olan müqavilə üzrə gecikdirmə (qanuni) faizin tələb edilməsi üçün hüquqi əsas yaranmamışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh X6” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 43293,18 manat məbləğində əsas, 1000 manat məbləğində cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 320 manat və 222,88 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 44836,06 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 104,12 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver