Məhkəmə qərarları › İş №e-2-2(121)-918/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-918/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-918/2022 21.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması barədə iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2022-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4225,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6000 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərar alınmışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İşdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya iddia ərizəsini Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğunlaşdırmağı təklif edilmiş və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanlar aradan qaldırılmadığı halda ərizənin baxılmamış saxlanacağı barədə xəbərdar edilmişdir. Hazırkı iddia ərizəsində yol verilmiş nöqsanlarla əlaqədar bir daha qeyd edir ki, iddiaçı iddia ərizəsinin iddia tələbində “6000 manat məbləğində siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması” barədə qətnamə qəbul edilməsini xahiş etməklə, iddia tələbində ümumi ifadə olan “əmlak” anlayışından istifadə etmiş və konkret olaraq mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adını, yerləşdiyi yeri və digər xarakterik əlamətlərini iddia tələbində göstərməyərək, iddia tələbini dəqiq və düzgün qeyd etməmişdir. Eləcə də, iddia ərizəsinin məzmununda da tələbin yönəldiyi “siyahıya alınmış əmlakın” adı, yerləşdiyi yer və digər xarakterik əlamətləri qeyd edilməmiş və iddia tələbinin əsaslandırılmasında iddianın predmeti olan əmlakın (əmlakların) hansı əmlakdan ibarət olması (əmlakların adı, yerləşdiyi yeri və digər xarakterik əlamətləri - markası, modeli və s.) göstərilməyərək, ümumi “əmlak” ifadəsindən istifadə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Beləliklə də, kommersiya mübahisələri üzrə məhkəmə icraatında həll edilməli olan mübahisəni dəqiq ifadə edən hallar və zəruri əlamətlər iddia tələbində və iddia tələbinin əsaslandırılmasında göstərilməli olduğundan - “siyahıya alınmış əmlakın satılması” barədə verilmiş hazırkı iddia ərizəsində də “siyahıya alınmış əmlakın” hansı əmlak (əmlaklar) olması iddia tələbində dəqiq göstərilməli (əmlakın adı, fərqləndirici və zəruri əlamətləri qeyd edilməklə) və həmçinin, iddia ərizəsinin əsaslandırıcı hissəsində də həmin əmlakların qeyd olunan əlamətləri sadalanmaqla, onların harada saxlandığı və mübahisənin düzgün həlli üçün zəruri olan digər hallar qeyd edilməlidir. Yalnız, bu halda həmin iddia ərizəsini Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş hesab etmək olar. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddiaçı “6000 manat məbləğində siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması” barədə qətnamə çıxarılmasını xahiş edir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasıl Prezidentinin xx.xx.2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Həmçinin, Vergi Məcəlləsinin 90.3-1-ci maddəsinə əsasən, dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. İddiaçının diqqətinə çatdırılmalıdır ki, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakının dəyəri 6000 manat təşkil etdiyindən, qeyd edilən qanunvericilik aktı normalarının tələbləri baxımından həmin əmlak Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsi ilə satıla bilər. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının mövcud iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalanan qanunvericilik aktı normalarına məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı olan tələbini dəqiqləşdirmədiyindən, iddia ərizəsi MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədən məhkəməyə verilmədiyindən, mövcud iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına nümayəndəsini göndərmədiyindən və cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud olduğundan, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin xx.xx.2022-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4225,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6000 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçıya izah olunsun ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar