Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-785/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: alqı-satqı, icarə, xidmət, yükdaşıma, pul tələbi) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının (qarşılıqlı cavabdeh) nümayəndəsi nümayəndə1, Cavabdehin (qarşılıqlı iddiaçı) nümayəndəsi nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “xxxx” Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqısatqı müqaviləsinə ##.##.2023-cü il tarixli * saylı Əlavə, ##.##.2024-cü il tarixli ** saylı, ##.##.2024-cü il tarixli ** saylı Əlavə ilə tərəflər malların çatdırılma ünvanı, qiyməti barədə razılığa gəlmişlər.
2. “xxxx” Açıq Səhmdar Cəmiyyəti (icraçı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında ##.##.2024-cü il tarixli O********* saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, bu müqavilənin * saylı Əlavəsində göstərilən xidmətləri sifarişçiyə göstərməyi, sifarişçi isə öz növbəsində həmin xidmətlərin nəticələrini qəbul edir və icraçıya * saylı Əlavədə qeyd edilmiş qaydada ödənişləri etməyi öhdəliklərinə götürür. O********* saylı Müqaviləyə * saylı Əlavə ilə tərəflər xidmətin təsviri, vahidin qiyməti barədə razılığa gəlmişlər.
3. “xxxx” Açıq Səhmdar Cəmiyyəti (icarəyəverən) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəçi) arasında ##.##.2025-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icarəyəverən siyahıda qeyd olunan texnikaları icarəçinin istifadəsinə verməyi, icarəçi isə əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürür
4. Müqavilə və Əlavələr tərəflərin imzası və hüquqi şəxsin möhürləri ilə təsdiq edilmişdir.
5. Tərəflər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ## #### 2025-cin il tarixinə olan ümumi borc məbləğinin 194,843.66 AZN təşkil etdiyini ##.##.2025-ci il tarixli üzləşmə aktı ilə öz imza və möhürləri ilə təsdiq etmişlər.
6. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (daşıyıcı) ilə İddiaçı (sifarişçi) arasında ##.##.2023-cü il tarixli daşıma müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən daşıyıcı sifarişçi tərəfindən ona həvalə edilmiş yükü avtonəqliyyat vasitələri ilə sifarişçi tərəfindən göstərilən təyinat məntəqəsinə çatdırmağı və yükalana təhvil verməyi, sifarişçi isə öz növbəsində daşıyıcının haqqını ödəməyi öhdəsinə götürür.
7. Müqavilə üzrə yerinə yetirilmiş işlərin təhvil-təslim aktları ilə tərəflər müvafiq olaraq 6.135,53 manat, 20.742,98 manat, 17.765,14 manat, 30.898,54 manat, 12.234,24 manat olmaqla, ümumilikdə 87.776,43 manat məbləğində yüklərin daşındığını tərəflər öz imza və möhürü ilə təsdiq etmişlər.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx " MMC-dən O********* saylı, ##.##.2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə 119.235,16 AZN əsas borc, 53755,60 AZN dəbbə pulu; O********* saylı, ## ##### 2024-cü il tarixli Xidmət müqaviləsi üzrə 45754,5 AZN əsas borc, 19798,30 AZN dəbbə pulu; AZE- LEAS_AZ-****-**** saylı, ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə 29854 AZN əsas borc məbləğlərinin və dövlət rüsumunun ödənilməsinə görə 559 AZN pulun tutularaq iddiaçı xxxx ASC-yə ödənilməsi, Cavabdeh MMC-nin qarşılıqlı iddiası üzrə 87776,43 manat tələbinə onun xxxx ASC-yə olan 194843,66 AZN əsas borcunun 87776,43 manat hissəsi ilə əvəzləşdirilərək xitam verilməsi, qarşılıqlı iddianın 10000 cərimə və ödənilmiş 383,40 manat dövlət rüsumunun ödənilməsi tələbinin təmin edilməməsi, 107067,23 AZN əsas borc məbləğinin, hesablanmış 73533,9 AZN cərimə məbləğinin, dövlət rüsumuna görə ödənilmiş 559 AZN pulun Cavabdeh MMC-dən tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İlkin iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “xxxx” ASC arasında bağlanmış O********* saylı, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə qeyd edilmiş malları cavabdeh təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqavilənin 2.6-cı maddəsinə əsasən Alıcıya elektron qaimənin göndərilməsi Malın Alıcı tərəfindən alınması faktını təsdiq edir. Cavabdehə göndərilən yüknəqliyyat qaimələri imzalanıb möhürlənmişdir. Həmin müqaviləyə əsasən Alıcı malın dəyərini Satıcıya ödəməlidir. Cavabdehin həmin müqavilə üzrə əsas borcu 119235,16 (yüz on doqquz min iki yüz otuz beş manat on altı qəpik) AZN təşkil edir. Müqavilənin 5.2.3-cü bəndində əsasən Satıcı (iddiaçı), Müqavilədə göstərilən ödəniş müddətlərinə əməl edilmədikdə, borc üzrə gecikdirilən hər günə görə 0.1%-dək dəbbə pulunun ödənilməsini Alıcıdan (cavabdehdən) tələb edə bilər. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 53755,60 (əlli üç min yeddi yüz əlli beş manat altmış qəpik ) AZN təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanmış O********* saylı, ## ##### 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən cavabdehə müqavilədə qeyd edilmiş xidmətlər göstərilmişdir. Həmin müqavilə üzrə cavabdehin əsas borcu 45754,5 ( qırx beş min yeddi yüz əlli dörd manat əlli qəpik) AZN təşkil edir. Xidmət müqaviləsinin 8.4-cü maddəsinə əsasən Sifarişçi (cavabdeh) xidmət haqqını gecikdirdiyi təqdirdə İcraçıya (iddiaçıya) hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1%-ni ödəməyi öhdəsinə götürür. Həmin müqavilə üzrə hesablanmış dəbbə pulu 19798,30 (on doqquz min yeddi yüz doxsan səkkiz manat otuz qəpik) AZN təşkil edir. Tərəflər arasında bağlanmış AZE-LEAS_AZ-****-**** saylı, ##.##.2025-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehə müqavilədə nəzərdə tutulmuş texniki vasitə icarəyə verilmişdir. İcarə müqaviləsi üzrə cavabdehin əsas borcu 29854 (iyirmi doqquz min səkkiz yüz əlli dörd) AZN borcu yaranmışdır və bu barədə ## #### 2025-ci il tarixli akt imzalanmışdır. Həmin aktda “Wirtgen WR240” markalı qrunt emalı maşınının 46 gün icarəsi nəticəsində cavabdehin iddiaçıya ## #### 2025-ci il tarixinə 29854 AZN borcunun yarandığı qeyd edilmişdir. Həmin akt imzalandıqdan sonra cavabdehə elektron qaimə göndərilmişdir. Tərəflər arasında imzalanmış ## #### 2025-ci il tarixli üzləşmə aktında cavabdeh ## #### 2025-ci il tarixinə iddiaçıya əsas borcunun 194843,66 AZN olduğunu təsdiq etmişdir. Cavabdeh hazırkı tarixədək borcunu ödəməmişdir.
10. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 87.776,43 manat əsas borcun və Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün 1000 manat faizlərin və ödənilmiş 383,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2023 tarixli müqaviləyə əsasən İddiaçı ##.##.2024 tarixdə 30898,54 manat dəyərində ##.##.2024 tarixdə 6135,53 manat dəyərində, ##.##.2024 tarixdə 17765,14 manat dəyərində, ##.##.2024 tarixdə 20742,98 manat dəyərində, ##.##.2024 tarixdə 12234,24 manat dəyərində pambıq tullantıları daşınmışdır. Bununla bağlı tərəflər arasında müqavilə üzrə yerinə yetirilmiş işlərin daşınması haqda təhvil təslim aktları imzalanmış, qarşılıqlı cavabdehə e-qaimələr təqdim edilmişdir.
12. Məhkəmənin ##.##.2026-cı il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi qarşılıqlı iddianı əsas borcun tələb edilməsi hissəsində qəbul etdiyini bildirərək, qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Kənan H.Hüseynov) aşağdıdakılar qət edilmişdir: - İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin; - ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 119.235 (bir yüz on doqquz min iki yüz otuz beş) manat 16 (on altı) qəpik, cərimə borcu üzrə 6.000 (altı min) manat olmaqla, cəmi 125.235 (bir yüz iyirmi beş min iki yüz otuz beş) manat 16 (on altı) qəpik, ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən əsas borc üzrə 45.754 (qırx beş min yeddi yüz əlli dörd) 50 (əlli) qəpik, cərimə borcu üzrə 2.200 (iyirmi iki min) manat olmaqla, cəmi 47.954 (qırx yeddi min doqquz yüz əlli dörd) manat 50 (əlli) qəpik, ##.##.2025-ci il tarixli icarə müqaviləsinə əsasən 29.854 (iyirmi doqquz min səkkiz yüz əlli dörd) manat məbləğində pul, ümumilikdə 203.043 (iki yüz üç min qırx üç) manat, 66 (altmış altı) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin; - İlkin iddia qalan hissədə təmin edilməsin; - Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin; - ##.##.2023-cü il tarixli daşıma müqaviləsiə əsasən əsas borc üzrə 87.776 (səksən yeddi min yeddi yüz yetmiş altı) manat 43 (qırx üç) qəpik, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% hesablanmaqla 4.388 (dörd min üç yüz səksən səkkiz) manat 82 (səksən iki) qəpik olmaqla, cəmi 92.165 (doxsan iki min bir yüz altmış beş) manat 25 (iyirmi beş) qəpik məbləğində pul İddiaçı tutularaq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin; - Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin; - Təmin edilmiş pul tələbləri qismən əvəzləşdirilsin; - Yekun olaraq 110.878 (yüz on min səkkiz yüz yetmiş səkkiz) manat, 41 (qırx bir) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin; - Dövlət rüsumunun əvəzi olaraq 493 (dörd yüz doxsan üç) manat 04 (sıfır dörd) qəpik məbləğində pul xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin; - Dövlət rüsumunun əvəzi olaraq 366 (üç yüz altmış altı) manat 50 (əlli) qəpik məbləğində pul İddiaçı tutularaq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
15. İlkin iddiaçı cavabdehin ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 119.235,16 manat, ##.##.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 45.754,5 manat, ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə isə 29.854 manat olmaqla, ümumilikdə 194.843,66 manat məbləğində borcunun qaldığını bildirərək, iddiaçının xeyrinə tutulmasını məhkəmədən tələb edir.
16. Həmçinin ## #### 2025-cin il tarixinə olan ümumi borc məbləğinin 194,843.66 AZN təşkil etdiyini ##.##.2025-ci il tarixli üzləşmə aktı ilə öz imza və möhürləri ilə təsdiq etmişlər.
17. İlkin iddianın alqı-satqı və xidmət müqavilələri üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.2.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən Müqavilədə göstərilən ödəniş müddətlərinə əməl edilmədikdə, borc üzrə gecikdirilən hər günə görə 0,1%-dək dəbbə pulunun ödənilməsini alıcıdan tələb etmək satıcının hüququ kimi müəyyən olunmuşdur.
18. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 8.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən sifarişçi xidmət haqqını gecikdirdiyi təqdirdə icraçıya hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1%-ni ödəməyi öhdəsinə götürür.
19. Məhkəmə cavabdehin alqı-satqı müqaviləsi üzrə əsas borcuna münasibətdə 6.000 manat, xidmət müqaviləsi üzrə 2.200 məbləğində dəbbə pulu ağlabatan və ədalətli hesab etmişdir.
20. Qarşılıqlı iddia tələbinə münasibətdə kollegiya qeyd etmişdir ki, müqavilə üzrə yerinə yetirilmiş işlərin təhvil-təslim aktları ilə tərəflər müvafiq olaraq 6.135,53 manat, 20.742,98 manat, 17.765,14 manat, 30.898,54 manat, 12.234,24 manat olmaqla, ümumilikdə 87.776,43 manat məbləğində yüklərin daşındığını tərəflər öz imza və möhürü ilə təsdiq etmişlər.
21. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia əsas borcun tələb edilməsi hissəsində nümayəndənin etirafı nəzərə alınmaqla təmin edilməli, 87776,43 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir.
22. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 10.000 manatın tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, yükdaşıma xidmətlərinin göstərilməsi ilə bağlı təhviltəslim aktlarının 2025-ci ilin mart ayında imzalanmış, iddia ərizəsi isə məhkəməyə ##.##.2026-cı il tarixdə təxminən 1 il sonra verilmişdir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla 4.388,82 (87.776,43x5/100) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. İlkin iddia üzrə cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək ## ### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ilkin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında üzləşmə aktı varsa, həmin vaxta kimi olan dövr üzrə cərimə hesablamaq yolverilməzdir, çünki tələbkar üzləşmə aktı imzalanan günü üçün borcun məbləğini tanıyıb. Məhkəmə təcrübəsində üzləşmə aktından daha əvvəlki tarixdən cərimə hesablanmır, hətta işlər, xidmətlər əvvəlcə görülsə, göstərilsə belə. Müqavilə tələblərinə əsasən borcun ödənişi borclar üzləşdirildikdən sonra həyata keçirilir, borcun üzləşdirilməsi müqavilə şərtinin davamıdır, həmin sənəd ödənişə əsas yaradır, bu sənəd olmadan təkcə e-qaimə ilə ödəniş aparılmır. Məhkəmələr borcun ödənilməsi kateqoriyası ilə bağlı işlərə baxarkən pretenziyada qeyd edilən məbləğə, üzləşmə aktında qeyd edilən məbləğə diqqət yetirir. Çünki bəzi hallarda tərəf həmin sənələrdə bir məbləğ, qısa müddət sonra məhkəməyə müraciət edərkən şişirdilmiş məbləğ göstərir. Qısa vaxta məbləğin şişməsi qəbul edilmir. İddiaçının hesabladığı cərimə absurd və həddən artıq şişirtmədir. Məhkəmə işdə mötəbər sənəd kimi yalnız iddiaçının cavabdehə göndərdiyi elektron qaimələri sübut kimi qəbul etmişdir. Halbuki iddiaçı bununla bağlı hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. İşdəki elektron qaimə isə sistem tərəfindən təsdiq olunmuşdur. O xidmətlə bağlı yaranmış borc hesab edilmir. E-mehkeme portalında iddia ərizəsi və ona əlavə edilən sənədlər yoxdur, görünmür. Portalın qaynar xətti 887 ilə əlaqə saxladıqda, oradan bildirildi ki, Bakı Kommersiya Məhkəməsi həmin sənədləri qəbul etməlidir ki, onlar portalda görünsün. Xahiş etdik iddiaçı tərəfindən təqdim edilən bütün sənədlərin e-mehkeme portalında qəbul edilməsi ilə bağlı göstəriş verilsin, onları görünə bilsin (hansı dövr üzrə borc tələb etdikləri bəlli olsun). Çünki iddiaçıya çoxsaylı ödənişlər icra etmiş, dövr bəlli olsa, müvafiq dövr üzrə ödəniş sənədlərini təqdim edilməsi mümkün olardı. Məhkəmə çoxsaylı bu kimi müraciətlərə məhəl qoymamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir
Məhkəmə icraatı iştirakçılarının izahatları:
26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddianın təmin edilən hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etdi.
27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ... 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. ...
Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu ... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. ...
Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. ... 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli Qərarı: ... “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” ...
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə hər iki iddia qismən təmin edilmiş, lakin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qətnaməni yalnız ilkin iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yaratmır.
34. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2023-cü il tarixli alqı-satqı, ##.##.2024-cü il tarixli xidmət və ##.##.2025-ci il tarixli icarə müqavilələri bağlanmışdır. İlkin iddiaçı həmin müqavilələr üzrə müvafiq olaraq 119.235,16 manat, 45.754,50 manat və 29.854 manat olmaqla, cəmi 194.843,66 manat əsas borcun ödənilmədiyini bildirmişdir.
35. Birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə pul tələbləri qismən əvəzləşdirilmiş, yekun olaraq 110.878 (yüz on min səkkiz yüz yetmiş səkkiz) manat, 41 (qırx bir) qəpik məbləğində pul “xxxx” MMC-dən tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, tələb olunan əsas borcun mövcudluğu yalnız elektron qaimələrə əsaslanmır. Belə ki, tərəflər ##.##.2025-ci il tarixli üzləşmə aktını imza və möhürlə təsdiq etməklə, həmin tarixə Cavabdeh MMC-nin “xxxx” ASC qarşısında ümumi borcunun 194.843,66 manat olduğunu təsdiq etmişlər. Bundan başqa, icarə müqaviləsi üzrə 46 günlük istifadə üçün 29.854 manat icarə haqqı tərəflərin imzaladığı ##.##.2025-ci il tarixli aktla müəyyən edilmişdir.
37. Kollegiya elektron qaimə-fakturaların sübut kimi qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alır. Həmin hüquqi mövqeyə əsasən, lazımi qaydada tərtib edilərək göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə-fakturalar öz-özlüyündə malların təqdim edilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq edən müstəsna sübut kimi deyil, müqavilənin şərtləri, tərəflər arasında formalaşmış münasibətlər, işgüzar adətlər və işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
38. Bu səbəbdən apellyasiya şikayətinin elektron qaimələrin öz-özlüyündə malların təqdim edilməsini və xidmətlərin göstərilməsini təsdiq etməməsi barədə dəlili hazırkı işin nəticəsinə təsir edən hal kimi qiymətləndirilə bilməz. Çünki elektron qaimələr borcun mövcudluğunu müəyyən edən yeganə sübut deyil, işdəki digər sübutlarla, xüsusilə tərəflərin imzaladığı üzləşmə aktı və icarəyə dair aktla birlikdə qiymətləndirilmişdir.
39. Apellyantın iddiaçıya müxtəlif ödənişlər etməsi barədə dəlilini də kollegiya əsaslı hesab etmir. Həmin məsələ apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi ilə müzakirə edilmiş və ona istinad etdiyi ödənişləri təsdiq edən sübutları təqdim etmək imkanı verilmişdir. Lakin cavabdeh müvafiq sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən ödənişlərin həyata keçirildiyini və bunun nəticəsində üzləşmə aktında təsdiq edilmiş borcun tam və ya qismən aradan qalxdığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
40. Kollegiya üzləşmə aktının mövcudluğunun həmin tarixədək dəbbə pulunun hesablanmasını istisna etməsi barədə dəlilini də qəbul etmir. Çünki üzləşmə aktının imzalanması özlüyündə müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu öhdəliyinə xitam verilməsi və ya əvvəl yaranmış gecikmənin nəticələrinin aradan qaldırılması barədə tərəflərin razılaşmasını ifadə etmir. Belə ki, işdə olan sənədlərdən görünür ki, alqı-satqı müqaviləsinin 5.2.3-cü bəndində ödənişin gecikdirildiyi hər gün üçün 0,1 faizədək, xidmət müqaviləsinin 8.4-cü bəndində isə gecikdirilmiş məbləğin hər gün üçün 0,1 faizi həcmində dəbbə pulu nəzərdə tutulmuşdur.
41. Birinci instansiya məhkəməsi də tələb edilən dəbbə pulunu tam həcmdə deyil, işin hallarını nəzərə almaqla əhəmiyyətli dərəcədə azaldaraq alqı-satqı müqaviləsi üzrə 6.000 manat, xidmət müqaviləsi üzrə isə 2.200 manat müəyyən etmişdir.
42. Bundan başqa, kollegiya, apellyasiya şikayətinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin “Elektron Məhkəmə” informasiya sistemində görünməməsi nəticəsində cavabdehin müdafiə hüququnun məhdudlaşdırılması barədə dəlilini də qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslı hesab etmir. Cavabdeh belə bir texniki vəziyyətin onun müdafiə imkanlarına konkret olaraq necə təsir etdiyini və məhz həmin səbəbdən iş üçün əhəmiyyətli hansı sübutu təqdim edə bilmədiyini əsaslandırmamışdır. Əksinə, iş materiallarından cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etdiyi, borca dair mövqeyini bildirdiyi və ödənişlərin edilməsinə istinad etdiyi müəyyən olunur.
43. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar və sübutların məcmusu, xüsusilə tərəflərin imza və möhürü ilə təsdiq olunmuş ##.##.2025-ci il tarixli üzləşmə aktı, müqavilələr, elektron qaimələr və icarəyə dair akt əsas borcun mövcudluğunu təsdiq edir. Apellyasiya şikayətində isə həmin sübutların mötəbərliyini aradan qaldıran və ya üzləşmə aktından sonra borcun ödənildiyini təsdiq edən sübut təqdim edilməmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ilkin iddianın rədd olunması üçün əsasli hesab olunmur.
44. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
46. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.