Məhkəmə qərarları › İş №e-2(3-6)-2768/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2768/2026

09.07.2026 · Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2768/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğluvə X3 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mənzilinə dəymiş 16.400 manat maddi zərərə görə kompensasiyanın, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutulması, qiymətləndirmə xərclərinin və dövlət rüsumunun cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin vəsatəti təmin edilmiş, iddia ərizəsinin “iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı” tələbi ilə bağlı hissəsində iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində davam etdirilməsini, yəni iddia ərizəsinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı tələblə birlikdə vahid icraatda mahiyyəti üzrə baxılmaqda davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın predmeti mənzilinə dəymiş 16.400 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin müştərək qaydada cavabdehlərdən tutulmasıdır. İddianın faktiki əsası ondan ibarətdir ki, mülkiyyətində olan və yaşadığı mənzilin yerləşdiyi binada 1-ci cavabdeh tərəfindən 2-ci cavabdehin sifariş/nəzarəti ilə əsaslı təmir-bərpa işləri görülmüş, dam örtüyü sökülmüş və yarımçıq qalmışdır. 4-# ###### 2025-ci il tarixində intensiv yağıntılar zamanı dam örtüyünün açıq qalması nəticəsində mənzilinə yağış suları daxil olmuş, bu, dörd gün davam etmiş, mənzilə ciddi zərər dəymişdir. Maddi zərərin məbləği "xxxx" MMC tərəfindən aparılmış müstəqil qiymətləndirmə əsasında 16.400 manat müəyyən edilmişdir. 2-ci cavabdeh — Mədəni İrsin Qorunması üzrə Dövlət Xidməti — ##.##.2026-cı il tarixdə vəsatət təqdim edərək, ona qarşı tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu və hazırkı mülki iş üzrə icraatda ona qarşı tələblə bağlı hissədə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 7.1 və 16.1-ci bəndlərinə istinad edilmişdir. İddiaçı isə yazılı izahatında və ##.##.2026-cı il tarixli məhkəmə iclasında nümayəndəsi vasitəsilə vəsatətin əsassız olduğunu, iddianın xalis mülki-hüquqi xarakter daşıdığını və birgə məsuliyyət tələbinin vahid icraatda baxılması zərurətini sübuta yetirməyə çalışmış, vəsatətin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ##.##.2026-cı il tarixində, e-*(*-**)-***/**** saylı iş üzrə qərardadı ilə (hakim İlyas Həsənov İnqilab oğlu) 2-ci cavabdehin vəsatətini təmin etmiş, iddia ərizəsinin "iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı" tələbi ilə bağlı hissəsində iş üzrə icraata xitam vermişdir. Aşağıda göstərilən səbəblərdən bu qərardad ləğv edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin hüquqi təbiətini düzgün müəyyən etməmişdir. Qərardadın əsaslandırıcı hissəsinin 15-ci bəndində birinci instansiya məhkəməsi göstərir ki, "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti İnzibati orqandır” və 16-cı bənddə əlavə edir ki, "mübahisənin müvafiq hissəsi dövlət nəzarətini həyata keçirən inzibati orqanın öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi hərəkətləri haqqındadır". Bu iki müddəa qərardadın bütün məntiqi əsasını təşkil edir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * №-li Qərarının 4-cü bəndinə əsasən mübahisənin inzibati və ya mülki kimi təsnif edilməsi üçün həlledici amil cavabdehin formal statusu (inzibati orqan olub-olmaması) deyildir; həlledici amil ondan ibarətdir ki, "inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir". Yəni təsnifat üçün həlledici göstərici hüquq münasibətinin xarakteridir, orqanın statusu deyildir. Birinci instansiya məhkəməsi 2-ci cavabdehin inzibati orqan kimi tanınması faktını avtomatik olaraq mübahisənin inzibati olması nəticəsinə bağlamaqla, məhz Plenumun 4-cü bəndindəki bu tələbi tamamilə nəzərə almamışdır. Beləliklə, məhkəmə Plenum normasının iki ayrı elementini - orqanın statusu və hüquq münasibətinin xarakteri - bir-birinə qarışdırmışdır. Hazırkı işdə 2-ci cavabdehin mübahisəli fəaliyyəti binanın əsaslı təmir-bərpa işlərinə sifariş verən və/və ya bu işlərə nəzarət edən şəxs qismində iştirakıdır. İddiaçı nə 2-ci cavabdehin hər hansı inzibati aktının etibarsız sayılmasını, nə də onun hər hansı hərəkətsizliyinin qanunsuz tanınmasını tələb edir. İddianın predmeti yalnız və yalnız onun daşınmaz əmlakına vurduğu zərərin əvəzinin ödənilməsidir - bu isə mahiyyət etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 1096.1-ci maddələrindən irəli gələn xalis mülkihüquqi tələbdir. Mülki Məcəlləyə əsasən dövlət orqanları da mülki hüquq münasibətlərinin iştirakçısı ola bilər. Plenumun * №-li Qərarının 7.1-ci bəndinin tətbiqi şərtləri mövcud deyildir. Qərardadın 17-ci bəndində birinci instansiya məhkəməsi əsas dayağı kimi Plenumun 7.1-ci bəndinə istinad edir. Bu norma qərardadda tam sitat şəklində verilmişdir, lakin onun hər üç vacib elementi nəzərə alınmamışdır. Norma yalnız üç şərt eyni zamanda mövcud olduqda (buna məntiqdə konyunksiya deyirlər) tətbiq olunur: zərərin mənbəyi olan fəaliyyət "publik hüquq sahəsindəki səlahiyyətlərin icrasından" doğmuş olmalıdır; həmin qərarlar və ya hərəkətlər (hərəkətsizlik) "qanunsuz" hesab edilməlidir; zərər məhz bu qanunsuz inzibati aktın və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) nəticəsi olmalıdır. Hazırkı işdə bu şərtlərdən heç biri mövcud deyildir: Birincisi, dam örtüyünün sökülməsi və yarımçıq qalması, nəticədə yağış sularının binaya daxil olması heç bir məqamda "publik hüquq səlahiyyətlərinin icrası" deyildir. Bu, fiziki tikinti-təmir işlərinin qüsurlu icrasıdır və onun nəticələridir. İkincisi, o, heç bir inzibati aktın və ya inzibati hərəkətin "qanunsuz" olmasını iddia etmir. İddiasında hər hansı qərarın etibarsız sayılması, hər hansı imtinanın əsassız tanınması və ya hər hansı hərəkətsizliyin qanunsuz elan edilməsi tələbi mövcud deyildir. Üçüncüsü, zərər inzibati aktın deyil, fiziki hadisənin (dam örtüyünün sökülməsi və yağışın binaya daxil olması) nəticəsidir. Səbəb-nəticə əlaqəsi sırf mülki-hüquqi haqsız əməllər (delikt) məntiqi ilə qurulur — MM 1096.1-ci maddə. Məhkəmə qərardadda hətta heç təsbit etməmişdir ki, 2-ci cavabdehin hansı konkret inzibati aktı və ya hansı konkret hərəkəti (hərəkətsizliyi) "qanunsuz" hesab edilməlidir. Belə təsbit aparılmadan Plenumun 7.1-ci bəndinin tətbiqi metodoloji cəhətdən mümkün deyildir, çünki norma məhz qanunsuz aktın və ya qanunsuz hərəkətin müəyyən edilməsini özünün şərti kimi göstərir. Birinci instansiya məhkəməsi Plenumun * №-li Qərarının 16.3-cü bəndini səhv tətbiq etmişdir. Qərardad 11-ci və 12-ci bəndlərində MPM-in 261.0.1, 262.1, 262.4-cü maddələrinə və Plenumun 16.3-cü bəndinə istinad edir. Lakin Plenumun 16.3-cü bəndinin tətbiqi üçün hüquqi əsas mövcud deyildir. Plenumun 16.3-cü bəndi yalnız o halda tətbiq edilir ki, iddia ərizəsindəki tələblərdən "birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda". Yəni norma yalnız o halda işləyir ki, iddiada müxtəlif xarakterli iki ayrı tələb (biri xalis mülki, digəri xalis inzibati) olsun. Hazırkı işdə isə yalnız bir tələb – vahid tələb mövcuddur — zərərin əvəzinin ödənilməsi tələbi. Bu tələb iki cavabdehə qarşı birgə məsuliyyət əsasında irəli sürülmüşdür. İddiada inzibati aktın etibarsız sayılması və ya hər hansı digər inzibati tələb ümumiyyətlə yoxdur. Beləliklə, Plenumun 16.3-cü bəndinin tətbiqi üçün norma fərziyyəsinə uyğun gələn faktiki tərkib mövcud deyildir. X2 16.1-ci bəndi təsbit edir: "inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər... inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz". Diqqət edin: qadağa birtərəflidir — inzibati məhkəmə mülki tələbə baxa bilməz, lakin ümumi məhkəmənin birgə cavabdehlərdən birinin dövlət qurumu olduğu hallarda xalis mülki tələbə baxılmasını Plenum mümkün sayır. Qərardad MPM-in 43.1-ci maddəsinə və birgə məsuliyyət doktrinasına ziddir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən "əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır". Bu norma birgə icraatın zəruriliyini birmənalı təsbit edir. AR Mülki Məcəlləsinin 500-cü maddəsinə əsasən (500.1) əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır; (500.2) birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Hazırkı işdə eyni faktiki hallara — dam örtüyünün sökülməsi və mənzilə zərər vurulması — əsaslanan iki cavabdeh haqqında vahid tələb mövcuddur. Onların hərəkətləri vahid səbəb-nəticə zəncirini təşkil edir. İşin iki ayrı məhkəməyə bölünməsi obyektiv olaraq aşağıdakı zərərli nəticələri doğurur: mülki məhkəmə (Nəsimi Rayon Məhkəməsi) yalnız 1-ci cavabdeh — cavabdeh1 MMC — haqqında qətnamə çıxara bilər, halbuki birgə məsuliyyət doktrinası vahid qiymətləndirməni tələb edir; inzibati məhkəmə eyni faktları yenidən araşdırmalı olacaq və mülki məhkəmənin müəyyən etdiyi faktlardan fərqli nəticələrə gələ bilər (məsələn, mülki məhkəmə zərərin məbləğini 16 400 manat müəyyən edə bilər, inzibati məhkəmə isə fərqli nəticəyə gələ bilər); mülki məhkəmə cavabdehlərin birgə məsuliyyət daşıdığını qəbul etsə də, hüquqi olaraq yalnız bir cavabdehə qarşı qətnamə çıxara biləcək, bu isə birgə məsuliyyət doktrinasının praktiki olaraq dağılmasına gətirib çıxaracaq. Maraqlıdır ki, birinci instansiya məhkəməsi özünün təsviri hissədə (qərardadın 9-cu bəndi) qeyd edir: "Dam örtüyünün qüsurlu icrası nəticəsində yağıntı zamanı su sızması baş vermiş və bu birbaşa səbəb-nəticə əlaqəsində mənzilinə zərər vurmuşdur. Bu səbəbdən cavabdehlər müştərək qaydada məsuliyyət daşıyırlar". Yəni məhkəmə özü birgə məsuliyyət əlamətini qəbul edir, lakin sonra bu vahid hüquq münasibətini iki ayrı icraata bölür ki, bu da öz daxili məntiqinə ziddir. Qərardad Konstitusiyanın və AİHK-nın təminatlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən "hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir". Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə "Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur". İnsan Hüquqları və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin mübahisəli mülki hüquqlarına dair işin məhkəmə tərəfindən ədalətli və açıq baxılmasına haqqı vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin yetkin təcrübəsinə əsasən (məsələn, Golder v. Birləşmiş Krallıq, ## ###### 1975-ci il, Series A No. 18), bu hüquq nəzəri və illüzor deyil, səmərəli və real olmalıdır. Eyni faktiki hallara əsaslanan birgə məsuliyyət tələbinin iki ayrı məhkəmə icraatına bölünməsi iddiaçını eyni dəlilləri iki dəfə təqdim etməyə, eyni şahidləri iki dəfə dindirməyə, eyni ekspertizalardan iki dəfə istifadə etməyə və ən əsası — ziddiyyətli qətnamələrin/qərarların qəbul edilməsi riski ilə üzləşməyə məcbur edir. Bu, Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun gələn səmərəli məhkəmə araşdırılması hüququ deyildir. Bundan əlavə, Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsi mülkiyyət hüququnun səmərəli müdafiəsini tələb edir. Avropa Məhkəməsinin Sporrong və Lönnroth Sveçə qarşı (## ######## 1982-ci il, Series A No. 52) və İatridis Yunanıstana qarşı (Böyük Palata), ## #### 1999-cu il, № *****/**) işlərində formalaşdırılan prinsiplərə əsasən, mülkiyyət hüququnun bərpasında prosessual maneələrin yaradılması və ya bərpa mexanizminin praktiki olaraq qeyri-mümkün edilməsi * saylı Protokolun 1- ci maddəsinin pozuntusu kimi qiymətləndirilir. Hazırkı qərardad isə bu vəzifələrə açıq ziddir: iddiaçı eyni faktiki hallar üzrə iki ayrı icraatda iştirak etməyə məcbur olur — iki dəfə dövlət rüsumu, iki dəfə vəkil xərci, iki dəfə vaxt itkisi; iki məhkəmə eyni faktları paralel olaraq araşdırır — bu, dövlət resurslarının iki dəfə istifadəsidir, hansı ki, AR Konstitusiyasının 60-cı maddəsinin tələbi olan səmərəli məhkəmə müdafiəsinə ziddir; ümumi və inzibati məhkəmələr arasında ziddiyyətli qətnamə/qərar riski real və yüksəkdir, çünki eyni faktlar fərqli prosessual qaydalar çərçivəsində araşdırılacaq. Yuxarıda göstərilən bütün hüquqi əsasları cəmləyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, № e-2(5-98)- ***/**** saylı iş üzrə qərardadı qanunsuz və əsassızdır, çünki mübahisəli hüquq münasibətinin hüquqi təbiətini cavabdehin formal statusu ilə əvəzləmişdir (Plenum Qərarının 4-cü bəndinin pozulması); Plenum Qərarının 7.1-ci bəndini onun tətbiqi şərtləri olmadan tətbiq etmişdir — "qanunsuz qərar/hərəkət" elementi heç bir tərzdə təsbit edilməmişdir; Plenum Qərarının 16.3-cü bəndini iddiada mövcud olmayan faktiki tərkibə tətbiq etmişdir; MPM-in 43.1, AR Mülki Məcəlləsinin 21.2, 43, 500 və b. maddələrini nəzərə almamışdır; Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrini, AİHK-nın 6-cı maddəsini və * saylı Protokolun 1-ci maddəsini pozmuşdur; prosessual qənaət prinsipinə zidd olaraq, ziddiyyətli qətnamə/qərar riskini yaratmışdır; öz təsviri hissəsində birgə (müştərək) məsuliyyəti qəbul etdiyi halda, qərara alma hissəsində bu birgə hüquq münasibətini iki ayrı icraata bölməklə, daxili məntiqi ziddiyyətə yol vermişdir. Hazırkı işdə 2ci cavabdehin mübahisəli fəaliyyəti binanın əsaslı təmir-bərpa işlərinə sifariş verən və/və ya bu işlərə nəzarət edən şəxs qismində iştirakıdır. Mən nə 2-ci cavabdehin hər hansı inzibati aktının etibarsız sayılmasını, nə də onun hər hansı hərəkətsizliyinin qanunsuz tanınmasını tələb edirəm. İddianın predmeti yalnız və yalnız daşınmaz əmlaka vurduğu zərərin əvəzinin ödənilməsidir — bu isə mahiyyət etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 1096.1-ci maddələrindən irəli gələn xalis mülki-hüquqi tələbdir. AR Mülki Məcəlləsinin 500-cü maddəsinə əsasən (500.1) əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır; (500.2) birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsi mülkiyyət hüququnun səmərəli müdafiəsini tələb edir. Avropa Məhkəməsinin Sporrong və Lönnroth Sveçə qarşı (## ######## 1982-ci il, Series A No. 52) və İatridis Yunanıstana qarşı (Böyük Palata), ## #### 1999-cu il, № *****/**) işlərində formalaşdırılan prinsiplərə əsasən, mülkiyyət hüququnun bərpasında prosessual maneələrin yaradılması və ya bərpa mexanizminin praktiki olaraq qeyri-mümkün edilməsi * saylı Protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilir. Zərər inzibati aktın deyil, fiziki hadisənin (dam örtüyünün sökülməsi və yağışın binaya daxil olması) nəticəsidir. Səbəb-nəticə əlaqəsi sırf mülki-hüquqi haqsız əməllər (delikt) məntiqi ilə qurulur — MM 1096.1-ci maddə. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən "əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır". Bu norma birgə icraatın zəruriliyini birmənalı təsbit edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən "hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir". Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə "Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur". İnsan Hüquqları və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin mübahisəli mülki hüquqlarına dair işin məhkəmə tərəfindən ədalətli və açıq baxılmasına haqqı vardır. Avropa İnsan HüquqlarıMəhkəməsinin yetkin təcrübəsinə əsasən (məsələn, Golder v. Birləşmiş Krallıq, ## ###### 1975-ci il, Series A No. 18), bu hüquq nəzəri və illüzor deyil, səmərəli və real olmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, ** nömrəli Qərarının: 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır; 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır; 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 7.1-ci bəndinə əsasən inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır; 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz; 16.2-ci bəndinə əsasən inzibati məhkəməyə verilmiş iddia ərizəsindəki tələblərdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iddianın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, iddiaçıya mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır; 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 11.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti İnzibati orqandır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə cavabdeh1 MMC tərəfindən dam örtüyünün dəyişdirilməsi işlərinin həyata keçirildiyini, lakin bu işin qüsurlu icrası səbəbindən baş vermiş yağıntı zamanı mənzilinə zərər vurulduğunu iddia edir və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Bununla belə, hazırki mübahisə tərəflər arasında mövcud olan hər hansı müqavilə münasibətlərindən irəli gəlmir. Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti sifarişçi olaraq həmin münasibətlərdə qanunvericiliyə müvafiq şəkildə publik səlahiyyətin icrası qaydasında iştirak etmişdir. Bu baxımdan hazırki mübahisə hüquqi nəticə etibarı ilə qeyd edilən cavabdehin qanunvericiliklə ona verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan mübahisədir. Bu hissədə mübahisənin əsasını da məhz inzibati orqanın qanunsuz hərəkətləri (vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi) təşkil edir. İddiaçı məhz inzibati orqanın qanunsuz hesab etdiyi hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir və onun əvəzinin ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı özünün hüquqi marağına uyğun olaraq bu hərəkətlərə yol vermiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin hərəkətlər nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etməlidir. Bununla belə, bu cavabdehə qarşı irəli sürülmüş iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənlər öz növbəsində bu cavabdehə qarşı iddiaya məhkəmə aidiyyəti baxımından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində deyil, məhz Bakı İnzibati Məhkəməsində baxılması əsası ilə hazırki iş üzrə icraata ona aid hissədə xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aparılmış araşdırma nəticəsində haqlı olaraq iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı irəli sürülmüş tələbin inzibati məhkəmə icraatı qaydasında həll edilməli olduğunu müəyyən etmiş və bu əsasla ona aid hissədə iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver