Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-166/2026 16.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı təhsil haqqından azad edilmə tələbinə dair iş üzrə (açar sözlər: iddiadan imtina, inzibati məhkəmə aidiyyəti) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı təhsil haqqından azad edilmə tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 təhsil haqqından azad edilməsi öhdəliyinin cavabdeh Bakı Dövlət Universitetinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir;
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı: “1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. ... 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.”
Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.
6. Mübahisə tərəflərindən iddiaçı fiziki şəxs, cavabdeh isə publik hüquqi şəxsdir.
7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V hissəsinə görə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab olunur.
9. “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş Bakı Dövlət Universitetinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparan publik hüquqi şəxsdir.
11. Nizamnamənin 3.1.1-ci bəndinə əsasən, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək Universitetin vəzifələri sırasındadır.
12. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh publik hüquqi şəxs statusunda olmaqla dövlətin adından yaradılmış, ictimai əhəmiyyətli sferada fəaliyyət göstərən, dövlətin müvafiq səviyyələr üzrə təhsil proqramlarını həyata keçirən orqandır. Nizamnaməyə uyğun olaraq ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək Universitetin vəzifələri sırasındadır.
13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir.
14. Yəni, təhsil haqqının ödənilməsi vəzifəsinin həyata keçirilməsi və ya bundan imtina edilməsi ümumi (publik) hüquq sahəsinə aid olan fəaliyyətdir.
15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
16. Qeyd olunanlardan hasil olan nəticəyə görə, hazırkı mübahisə üzrə cavabdeh publik hüquqi şəxs, mübahisənin predmeti təhsil haqqından azad edilmə ilə bağlı münasibətlər olmaqla, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur.
17. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
18. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı təhsil haqqından azad edilmə tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə