Məhkəmə qərarları › İş №e-8(005)-523/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-8(005)-523/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-8(005)-523/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2639/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(005)-2639/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(005)-2639/2024-005 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu əsas borca görə 3116,04 manat, cərimə borcuna görə 150 manat olmaqla, cəmi 3266,04 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 54,28 manat pulun 51 manatı tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən borclunun adına daşınar və daşınmaz əmlakların, iş yerinin olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu icraata başlamaq haqqında qərar və bildirişin surəti təqdim edilmişdir. İcra sənədi üzrə borclu X1 tərəfindən hazırki tarixədək heç bir vəsait ödənilməmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Tələbkar MMC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2639/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu əsas borca görə 3116,04 manat, cərimə borcuna görə 150 manat olmaqla, cəmi 3266,04 (üç min iki yüz altmış altı manat, dörd qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 54,28 manat pulun 51 (əlli bir) manatı tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməlidir; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2639/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Həmin Təlimatın 2.2.3-cü bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu icra sənədindən məlumatlı olmasına baxmayaraq, borcun tam şəkildə ödənilməsi üçün heç bir tədbir görməmişdir. Beləliklə, təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu səbəbdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2639/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu ölkədən getmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2639/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar