Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-29/2023 14.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)-634/2022 nömrəli icra sənədi üzrə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 təqdimatla məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)- 634/2022 nömrəli icra sənədi üzrə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2022-ci il tarixli qərarla icraata başladığı Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)-634/2022 nömrəli icra sənədinə əsasən xx xxxx 1986-cı ildə anadan olmuş və Balakən rayonu Kortala kəndi ünvanında qeydiyyatda olan icra sənədi üzrə borclu X1 1913.47 manat borc və ödənilmiş 39.14 manat dövlət rüsumu xərci-cəmi 1952.61 manat pul məbləği alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 28 oktyabr 2022-ci il tarixində Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün «EMF elektron icra» sistemi vasitəsilə sorğu zamanı borclunun adında heç bir əmlak və ya rəsmi gəlirin olmadığı aşkar edilmişdir. Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X10 təqdimatı müdafiə edərək, təqdimatda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq Borclu tərəfindən Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)-634/2022 nömrəli icra sənədinin icrası ilə bağlı 12 aprel 2023-cü il tarixdə 400 manat Tələbkar MMC-yə ödənildiyini, Borclu bu günlərdə işə düzəldiyini və qalan borcu hər ay 200 manat ödənilməklə tam ödəyəcəyi barədə Tələbkar MMC ilə razılıq əldə etdiyini göstərərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu və Tələbkar MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 231.2-cü maddəsinə əsasən işə Borclu və Tələbkar MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)- 634/2022 nömrəli icra vərəqəsindən görünür ki, X1 1913.47 manat borc və ödənilmiş 39.14 manat dövlət rüsumu xərci-cəmi 1952.61 manat pul məbləği alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və əməkdaşları tərəfindən tərtib olunmuş 01 dekabr 2022-ci il tarixli aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)-634/2022 nömrəli icra vərəqəsinə əsasən X1 1913.47 manat borc və ödənilmiş 39.14 manat dövlət rüsumu xərci-cəmi 1952.61 manat pul məbləği alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. 01 dekabr 2022-ci il tarixdə Borclu ünvan 1 ünvanda yaşamadığı məlum olmuşdur. Məhkəmə təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 4 nömrəli protokolun 2-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə görə Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Xlyustov Rusiya Federasiyasına qarşı 11 iyul 2013-cü il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi istənilən ölkədən istənilən şəxsin seçimi ilə hər hansı ölkəyə getmək hüququ daxil olmaqla, həmin şəxsin sərbəst hərəkət etmək hüququna təminat verir (Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı, şikayət No. 33592/96, §61, ECHR 2001-V). Bu hüququ məhdudlaşdıran istənilən tədbir qanunla nəzərdə tutulmalı, bu maddənin 3-cü bəndində göstərilən bir və ya bir neçə qanuni məqsədi olmalı, demokratik cəmiyyət üçün zəruri olmalıdır (Avropa Məhkəməsinin “Raymondo İtaliyaya qarşı” işi üzrə 22 fevral 1994-cü il tarixli qərarı, §39, Seriya A, No. 281-A və Böyük Palatanın “Labit İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 26772/95, §§194 və 195, ECHR 2000-İV). Avropa Məhkəməsi sözügedən qərarında həmçinin göstərmişdir ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız o zaman tətbiq olunur ki, həmin tədbirin həyata keçirilməsinin işin hallarına görə zəruri olması müəyyən olunsun və bu məhdudiyyətlər məhkəmə qərarı ilə müəyyən edilmiş borcun ödənilməməsi ilə bağlı avtomatik tətbiq oluna bilməz. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. X13 (X16) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. İş materialları ilə müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022ci il tarixli e-2(019)-634/2022 nömrəli icra vərəqəsinə əsasən X1 1913.47 manat borc və ödənilmiş 39.14 manat dövlət rüsumu xərci-cəmi 1952.61 manat pul məbləği alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata yönəldilmişdir. Lakin həmin icra sənədinin könüllü icrası ilə bağlı bildirişin borclya rəsmən təqdim olunması haqqında iş materiallarında və icra işinin materiallarında heç bir sübut yoxdur. İş materialları ilə təsdiq olunur ki, icra məmuru qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın tələblərinə əməl etmədən, yəni könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etmədən (bu bildirişin borcluya rəsmən təqdim olunması barədə icra işində heç bir sənəd yoxdur) hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını icra məmurunun əsaslandırılmış təqdimatı əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu zaman borclunun xarici ölkələrlə əlaqələrinin, orada yaxın qohumlarnının və daşınmaz əmlakının olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması, vaxtaşırı bu və ya digər səbəbdən xarici ölkələrə getməsi, onun ölkədən getməsinin real olması, bunun müvafiq sübutlarla təsdiq olunması, borclunun ölkədən getməsinin icra sənədinin icrasına maneçilik törətməsi və sair hallar aydınlaşdırılmalı və təqdimatda qeyd olunmaqla bu xüsusatları təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim olunmalıdır. Lakin hazırki təqdimatdan və iş materiallarından görünür ki, təqdimat əsaslandırılımamış, Borclu xarici ölkələrlə əlaqələrinin, orada yaxın qohumlarının və daşınmaz əmlakının olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması, vaxtaşırı bu və ya digər səbəbdən xarici ölkələrə getməsi, onun ölkədən getməsinin real olması, bunun müvafiq sübutlarla təsdiq olunması, borclunun ölkədən getməsinin icra sənədinin icrasına maneçilik törətməsi və sair xüsusatlar əks olunmamış və bu xüsusatları təsdiq edən müvafiq sübutlar təqdimata əlavə edilməmiş və ya məhkəməyə təqdim olunmamışdır. Təqdimata əlavə olunmuş 01 dekabr 2022-ci il tarixli aktda həmçinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması əsası olaraq borclunun qeydiyyatda olduğu Balakən rayonu Kortala kəndində yaşamaması göstərilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclunun olduğu yerin müəyyən olunması üçün polis orqanlarının müvafiq qurumlarına sorğular verilməmiş, həmçinin borclunun ölkədən xaricə gedibgetməməsi ilə bağlı dövlət sərhəd xidmətinə və sair aidiyyəti orqanlara sorğular verilməmiş, həmçinin borclunun xəstəxanada, müvəqqəti saxlama yerlərində, cəzaçəkmə müəssisələrində və sair yerlərdə olub-olmaması halları aydınlaşdırılmamışdır. Borclunun öz qeydiyyatda olduğu ünvanda yaşamaması heç də onun məhkəmənin icra sənədini icra etməməsinə dəlalət edə bilməz. Belə ki, digər şəxslər kimi Borclu da azadlıq hüququ, yəni Azərbaycan Respublikasının ərazisində sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçmək və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilmək hüququ vardır və bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində öz əksini tapmışdır. Konstitusiyasının həmin 28-ci maddəsi azadlıq hüququnun məhdudlaşdırılmasını yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və azadlıqdan məhrum etmə yolu ilə həyata keçirilməsini təsbit edir. İş materialları ilə Borclu tutulması, həbsə alınması və azadlıqdan məhum etmə cəzasına məhkum edilməsi müəyyən olunmur. O, qanuna görə Azərbaycan Respublikasında sərbəst hərəkət edə və özünə yaşayış yeri seçə bilər, həmçinin Azərbaycan Respublikasından kənara gedə bilər. Yaşayış yerində aşkar edilməməsinə görə borclunun icra sənədinin icrasından yayınması qənaətinə gəlmək qanunun tələblərinə ziddir. Həmçinin bu əsasla borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun azadlıq hüququna, sərbəst hərəkət etməsinə, özünə yaşayış yeri seçməsinə və ölkədən kənara getməsinə qeyri-adekvat bir müdaxilədir və icra məmuru tərəfindən bu müdaxiləyə haqq qazandırmaq üçün hər hansı fakt və sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, Avropa Konvensiyasına dair 4 nömrəli protokolun 2-ci maddəsinin 2-ci və 3-cü bəndləri, Avropa Məhkəməsinin Xlyustov Rusiyaya qarşı, Bauman Fransaya qarşı, Raymondo İtliyaya qarşı, Labita İtaliyaya qarşı və sair presedentlərinin tələbləri əsasında hazırki işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, borclunun ölkədən getmək hüququna müdaxilə qanunda, İcra haqqında Azərbaycan Respublikasının Qanununda (84-1.1-ci maddə) nəzərdə tutulmuşdur və tələbkarın hüquq və azadlıqlarının (ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının) müdafiəsi ilə bağlı qanuni məqsəd daşıyır. Yəni bu xüsusda Avropa Məhkəməsinin müəyyən etdiyi qiymətləndirmə testinin 2 şərti; bu məhdudlaşdırmanın qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması mövcuddur. Burada qiymətləndirmə testinin 3-cü şərtinin-müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmaması halının aydınlaşdırılması hazırki işin qanuni və ədalətli həlli üçün xüsusi əhəmiyyət daşyır. Məhdudiyyətin demokratik cəmiyyətdə zəruri olması istifadə olunan vasitələrin məqsədəmüvafiq olması, yəni qoyulan məqsədlərə mütənasib olmasını əsaslı olaraq özündə ehtiva edir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə müdaxilə “təkidli ictimai ehtiyaca” cavab verdikdə, qanuni məqsədə uyğun olduqda və ölkə hökumətinin dəlilləri kifayət etdikdə, o, “demokratik cəmiyyət üçün zəruri” hesab ediləcəkdir. Ölkə hökuməti göstərilən bütün aspektlərin ilkin qiymətləndirilməsini aparmılıdır, lakin Konvensiyanın tələblərinə müvafiq olaraq yekun qiymətlərndirmə Avropa Məhkəməsinin yoxlama predmetinə aiddir (Avropa Məhkəməsinin “X3rşı” işi üzrə 7 dekabr 1976-cı il tarixli qərarı, §§ 48-50, Seriya A, No. 24 və Böyük Palatanın “Nada İsveçrəyə qarşı” işi üzrə qərarı, şikayət No. 10593/08, § 181, ECHR 2012). Bu xüsusda Avropa Məhkəməsi müxtəlif hallarda azad hərəkətə tətbiq olunan məhduduiyyətlərin mütənasibliyi haqqında aşağıdakı məsələlərə baxmışdır: 1) mafiya ilə əlaqədə olmaqda şübhəli bilinən şəxsə polis nəzarəti tətbiri qismində tətbiq edilən ölkədən çıxışa qadağa (Böyük palatanın “Labit İtaliyaya qarşı” işi üzrə qərarı, §§ 193-197), 2) təxirəsalınmaz istintaq hərəkətləri çərçivəsində cinayət işi zamanı təqib olunmayan və şahid kimi qiymətləndirilməyən şəxsin pasportunun götürülməsi və gələcək müsadirəsi (Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı, §§ 65 – 67), 3) bankrotluq üzrə işə baxılması zamanı müflis olmuş şəxsin yaşayış yerinin tərk etməsinə qadağa (Avropa Məhkəməsinin “Luordo İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 32190/96, §§ 96-97, ECHR 2003-İX), 4) gömrük qanun pozuntusuna görə cərimənin ödənilməsindən imtina ilə bağlı ərizəçinin pasportunun götürülməsi (Avropa Məhkəməsinin “Napiyalo Xorvatiyaya qarşı” işi üzrə 13 noyabr 2003-cü il tarixli qərarı, şikayət No. 66485/01, §§ 78- 82), 5) cinayət işi üzrə icraat çərçivəsində təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam (Avropa Məhkəməsinin “Fyodorov və Fyodorova Rusiya Federasiyasına qarşı” işi üzrə 13 oktyabr 2005-ci il tarixli qərarı, şikayət No. 31008/02, §§ 39-47, Avropa Məhkəməsinin “Antonenkov və başqaları Ukraynaya qarşı” işi üzrə 22 noyabr 2005-ci il tarixli qərarı, şikayət No. 14183/02, §§ 59-67, Avropa Məhkəməsinin “İvanov Ukraynaya qarşı” işi üzrə 7 dekabr 2006-cı il tarixli qərarı, şikayət No. 15007/02, §§ 90- 97, Avropa Məhkəməsinin “Hacıbəyli Azərbaycana qarşı” işi üzrə 10 iyul 2008-ci il tarixli qərarı, şikayət No. 16528/05, §§ 60-69, Avropa Məhkəməsinin “Makedonskiy Bolqarıstana qarşı” işi üzrə 20 yanvar 2011-ci il tarixli qərarı, şikayət No. 36036/04, §§ 39-46, Avropa Məhkəmsinin “Pfeyfer Bolqarıstana qarşı” işi üzrə 17 fevral 2011-ci il tarixli qərarı, şikayət No. 24733/04, §§ 55-58, Avropa Məhkəməsinin “Preşer Bolqarıstana qarşı” işi üzrə 7 iyun 2011-ci il tarixli qərarı, şikayət No. 6767/04, §§ 47-52, Avropa Məhkəməsinin “Myajcik Polşaya qarşı” işi üzrə 24 yanvar 2012-ci il tarixli qərarı, şikayət No. 23592/07, §§33-42), 6) vergilər üzrə borcun ödənilməsindən imtina ilə bağlı müəyyən edilən ölkədən çıxışa məhdudiyyətlər (Avropa Məhkəməsinin “Riner Bolqarıstana qarşı” işi üzrə 23 may 2006-cı il tarixli qərarı, şikayət No. 46343/99, §§ 118- 130), 7) şəxsin dövlət sirrini təşkil edən məlumatlardan xəbərdar olması ilə əlaqədar olaraq müəyyən edilən ölkədən çıxışa məhdudiyyətlər (Avropa Məhkəməsinin “Bartik Rusiya Federasiyasına qarşı” işi üzrə qərarı, şikayət No. 55565/00, §§ 44-52, ECHR 2006- XV və Avropa Məhkəməsinin “Soltısyak Rusiya Federasiyasına qarşı” işi üzrə qərarı, şikayət No. 4663/05, §§ 46-54), 8) yetkinlik yaşına çatmayan uşaqların xarici ölkələrə aparılması qadağası haqqında məhkəmə qərarları (Avropa Məhkəməsinin “Diamante və Pelliçoni San-Marinoya qarşı” işi üzrə 27 sentyabr 2011-ci il tarixli qərarı, şikayət No. 32250/08, §§ 214-215), 9) digər ölkənin immiqrasiya qaydalarının pozulması ilə bağlı müəyyən edilən ölkədən çıxışa məhdudiyyətlər (Avropa Məhkəməsinin “Stamose Bolqarıstana qarşı” işi üzrə 27 noyabr 2012- ci il tarixli qərarı, şikayət No. 29713/05, §§ 33- 37). Avropa Məhkəməsi həmçinin məhkəmə qərarı ilə fərdi şəxsə borcun ödənilməməsi ilə bağlı ölkədən çıxışa məhdudiyyətlərə baxmış (Avropa Məhkəməsinin “İqnatov Bolqarıstana qarşı” işi üzrə qərarı, §§ 36-41 və Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı” işi üzrə qərarı, §§ 49-57) və bu işlərdə ərizəçilərə qarşı tətbiq olunan məhdudiyyətlərin mütanasibliyini qiymətləndirərkən müxtəlif amilləri nəzərə almışdır. Məsələn İtaliyaya qarşı bir sıra işlərdə Avropa Məhkəməsi qərara almışdır ki, bankrotluq haqqında işlər üzrə bitən istintaq prosesi müddətində etibarlı olan avtomatik olaraq müəyyən edilən və 13 ildən 24 ilə qədər dövrü əhatə edən kifayət qədər uzun müddət ərzində qüvvədə olan məhdudiyyətlər mütənasib deyildi, baxmayaraq ki, ərizəçi tərəfindən öz yaşayış yerinin tərk edilməsi və ya belə razılığın verilməsindən imtina edilməsi barədə göstərişlər yox idi (Avropa Məhkəməsinin “Luordo İtaliyaya qarşı” işi üzrə qərarı, § 96, Avropa Məhkəməsinin “Basani İtaliyaya qarşı” işi üzrə 11 dekabr 2003-cü il tarixli qərarı, şikayət No. 47778/99, §§23-25, Avropa Məhkəməsinin “Neroni İtaliyaya qarşı” işi üzrə 22 aprel 2004-cü il tarixli qərarı, şikayət No. 7503/02, §§26-28, Avropa Məhkəməsinin “Qoffi İtaliyaya qarşı” işi üzrə 24 mart 2005-ci il tarixli qərarı, şikayət No. 55984/00, §§19-21). Digər tərəfdən, ölkədən çıxışa qoyulan məhdudiyyətlərin altı aylıq müddət ərzində qüvvədə olduğu işlərdə, Avropa Məhkəməsi məhdudiyyətin qısa müddətini nəzərə alaraq hesab etmişdir ki, o, məqsədəuyğundur (Avropa Məhkəməsinin “Diamante və Pelliçoni San-Marinoya qarşı” işi üzrə qərarı, şikayət No. 32250/08, § 214). Ərizəçi barəsində cinayət işi çərçivəsində müəyyən edilən, lakin icra işi dövrü ərzində avtomatik olaraq qüvvədə olmayan və Luordonun işi ilə müqayisədə müddət etibarı ilə əhəmiyyətli dərəcədə qısa olan yaşayış yerini tərk etməmək öhədəliyi olan digər qrup işlərdə, Avropa Məhkəməsi qət etmişdir ki, göstərilən işlərin hallarında məhdudiyyətin mütənasib olmamasını söyləmək üçün yalnız iş üzrə icraatın müddəti kifayət etmirdi, nəticədə, digər amillər nəzərə alınmalı idi. Fyodorov və Fyodorovanın (44-cü paraqraf), Antonenkov və digərlərinin (64-cü paraqraf) işlərində Avropa Məhkəməsi hesab etmişdir ki, məhdudiyyətin mütənasibliyini qiymətləndirərkən ərizəçilərin həqiqətəndə öz yaşayış yerlərini tərk etmək niyyətində olmaları və bu cür xahişlərlə hökumətə müraciət etmələri, əgər cavab müsbətdirsə, yaşayış yerini tərk etməkdən imtina edilməsi əhəmiyyət kəsb edirdi. Barəsində ölkədən çıxış məhdudiyyətləri tətbiq edilmiş ərizəçilərin cinayət, inzibati və ya digər işlərin iştirakçıları olmayan işlərdə Avropa Məhkəməsi məhdudiyyətlərin tətbiqi zamanı ölkə hökumətinin məhdudiyyətləri müəyyən edərkən və onların müddətini uzadarkən və ya ləğvindən imtina edərkən istinad etdikləri əsasların kifayət etməsi məsələlərinə baxmışdır (Böyük Palatanın “Labit İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 26772/95, §§196-197, Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı §65- 67, Avropa Məhkəməsinin “Napiyalo Xorvatiyaya qarşı” işi üzrə qərarı, §§ 78-82). Ərizəçinin dövlət sirrini təşkil edən məlumatlara malik olması ilə bağlı onun ölkədən çıxma hüququnun məhdudlaşdırılması barədə Soltısyakın işində, Avropa Məhkəməsi bu sahədə ümumi Avropa və beynəlxalq standartlarının mövcudluğunu nəzərə almışdır. Qoçevin işində (paraqraf 49-50) Avropa Məhkəməsi sərbəst hərəkəti məhdudlaşdıran tədbirlərin zəruriliyinin qiymətləndirilməsinə aid olan prinsiplərinə aşağıdakı qaydada yekun rəy vermişdir: “49. Ödənilməmiş borclarla bağlı müəyyən edilən məhdudiyyətin mütənasibliyi ilə münasibətdə, Avropa Məhkəməsi xatırladır ki, məhdudiyyət yalnız borcların qaytarılmasına təminat verən məqsədlərə çatmağa köməklik göstərdiyindən əsaslı sayılır (Avropa Məhkəməsinin “Napiyalo Xorvatiyaya qarşı” işi üzrə 13 noyabr 2003cü il tarixli qərarı, şikayət No. 66485/01, §§ 78-82). Bundan əlavə, əgər sərbəst hərəkət hüququnu məhdudlaşdıran tədbir əvvəldən əsaslandırılmış olsa da, avtomatik olaraq uzun müddətə uzadılırsa, həmin tədbir qeyrimütənasib olmaqla şəxsin hüquqlarını poza bilər (Avropa Məhkəməsinin “Luordo İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 32190/96, §§ 96-97, ECHR 2003-İX, Avropa Məhkəməsinin “Fyoldeş və X4rşı” işi üzrə qərarı, şikayət No. 41463/02, §§ 35, ECHR 2006 və Avropa Məhkəməsinin “Riner Bolqarıstana qarşı” işi üzrə qərarı, § 121)”. İstənilən halda hökumət şəxsin ölkədən çıxma hüququnun məhdudulaşdırılmasının ilkin olaraq və bütün müddət ərzində əsaslı və mütənasib olmasına təminat verməlidir. Hökumət, şəxsin sərbəst hərəkətini məhdudlaşdıran tədbirləri müntəzəm yoxlamadan, onları uzun müddət ərzində uzatmamalıdır (Avropa Məhkəməsinin “Riner Bolqarıstana qarşı” işi üzrə qərarı, § 124 və Avropa Məhkəməsinin “Fyoldeş və X4rşı” işi üzrə qərarı, §35). Bu cür yoxlamalar bir qayda olaraq məhkəmələr tərəfindən, ən azı son instansiya məhkəmələri tərəfindən həyata keçirilməlidir, çünki onlar prosedurun müstəqilliyinin, qərəzsizliyinin və qanuniliyinin ən yaxşı zəmanətini təmin edir” (Avropa Məhkəməsinin “Sissanis Rumıniyaya qarşı” işi üzrə 25 yanvar 2007-ci il tarixli qərarı, şikayət No. 23468/02, § 70). Məhkəmə yoxlamasının əhatə dairəsi, məhdudiyyətin mütənasibliyi də daxil olmaqla, məhkəməyə işə aid olan bütün amilləri nəzərə almaq imkanını verməlidir (Avropa Məhkəməsinin “Le Kont, Van Leyven və X12rşı” işi üzrə 23 iyun 1981-ci il tarixli qərarı, Seriya A, No. 43, § 60). İşin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, Avropa Konvensiyasının 6cı maddəsi, Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinin tələblərinə riayət etmək məqsədi ilə, borclu barədə qəbul edilən məhkəmə qərarlarının icrası üçün tələbkara müvafiq yardım göstərilməlidir. Bu yardım, yəni icra sənədinin icrası icra məmurları vasitəsi ilə həyata keçirilir (Avropa Məhkəməsinin “Anoxin Rusiya Federasiyasına qarşı” işi üzrə 31 may 2007-ci il tarixli qərarı, şikayət No. 25867/02). Lakin məhkəmə onu da qeyd edir ki, bu cür yardımın təmin edilməsi üçün həyata keçirilən tədbirlər demokratik cəmiyyət üçün zəruri olmalıdır, çünki onlar Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi ilə qorunan hüquqlara müdaxilə edilməsinə səbəb olurlar. Bu xüsusda məhkəmə bildirir ki, dövlət tələbkarın məhkəmə qərarının icra edilməsində ifadə olunan ədalətli məhkəmə araşdırması hüququ və alınmalı real pul məbləğinin mülkiyyət sayılmaqla mülkiyyət hüquqlarının müdafiəsi məqsədi ilə effektiv mexanizmin təmin olunmasında pozitiv öhdəliyə malikdir. Bu öhdəlik Azərbaycan Respublikası Konstitusiyasının 60, 125 və 129-cu maddələrində, İcra haqqında Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlarında öz təsdiqini tapır. Bu öhdəliyin icra edilməməsi isə Avropa Konvensiyanın 6-cı maddəsində və həmin Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan məsuliyyətin yaranmasına səbəb ola bilər. İş materiallarından görünür ki, faktiki olaraq Borclu davranışında icra sənədinin icrasına maneçilik yaradan hal olmamışdır. Belə ki, icra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən verilən sorğular nəticəsində Borclu işləməməsi, həmçinin onun hər hansı qazanca (gəlirə), tələb yönəldilə biləcək daşınar və daşınmaz əmlaklara malik olmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması, pensiya, müavinət və digər sosial yardımlar almaması, banklarda yeri və xarici valyuta ilə əmanətlərinin olmaması, yəni faktiki olaraq ödəniş qabiliyyətinə malik olmaması müəyyən edilmişdir. Bununla belə Borclu icra sənədinin icrasından yayınmamış, icra məmurunun verdiyi izahata əsasən hazırki təqdimat məhkəmənin icraatına daxil olduqdan sonra 12 aprel 2023-cü il tarixdə Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)-634/2022 nömrəli icra vərəqəsinin icrasıyla bağlı 400 manat pulu Tələbkar MMC-yə ödəmiş, qalan məbləği də hər ay 200 manat ödəniş etməklə tam ödəməsi barədə Tələbkar MMC ilə razılıq əldə etmişdir. Belə olan halda Borclu Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)-634/2022 nömrəli icra vərəqəsinin icrasına mane olması barədə təqdimatda göstərilən hal tamamilə əsassızdır və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün faktoloji əsas kimi qəbul oluna bilməz. Eyni zamanda məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən X13 (X14) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra məmuru borclu barəsində tətbiq olunan məhdudiyyətlərin zəruriliyini əsaslandırmalıdır, bu məhdudiyyətlər yalnız formal əsaslarla tətbiq edilməməli, lazım gələrsə ümumi yurisdiksiya məhkəməsi tərəfindən yoxlanıla bilən konkret hallar nəzərə alınmalıdır. Beləliklə, ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız o zaman tətbiq olunur ki, həmin tədbirin həyata keçirilməsinin işin hallarına görə zəruri olması müəyyən olunsun və bu məhdudiyyətlər məhkəmə qərarı ilə müəyyən edilmiş borcun ödənilməməsi ilə bağlı avtomatik tətbiq oluna bilməz. Hazırki işdə icra məmuru borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsası kimi onun məhkəmənin qərarını könüllü olaraq icra etməməsini göstərmiş, bu tədbirin həyata keçirilməsi üçün başqa əsaslara istinad etməmişdir. Lakin iş materialları bu halın əksini, yəni borclunun icra sənədinin icrasına maneçilik etməsinin müəyyən olunmamasını və icra sənədi üzrə ödəniş etməsini təsdiq edir. Belə ki, qeyd edildiyi kimi Borclu 400 manat tələbkara ödəniş etmiş, qalıq borcun hər ay hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla razılıq əldə etmişdir. Belə olan halda borclunun icra sənədini icra etməsindən boyun qaçırması əsassız gəlinən bir nəticədir. Həmçinin qanununun tələbinin əksinə olaraq icra məmuru məhdudiyyətin tətbiq edilməsinin borcun qalıq məbləğinin ödənilməsi ilə bağlı icra sənədinin icrasına necə təsir edəcəyini göstərməmiş, borclunun konkret vəziyyətini, işin mühüm hallarını tədqiq etməmişdir. Qeyd olunanların işığında məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması onun azadlıq hüququ və sərbəst hərəkət etmək azadlığının əsassız məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Bu da qanuni məqsədə mütənasib və demokratik cəmiyyətdə zəruri müdaxilə deyildir. Ona görə də məhkəmə təqdimatın əsassız olması nəticəsinə gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Balakən rayon İcra və X9 Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)-634/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Balakən rayon İcra və X9 Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli e-2(019)- 634/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-8(019)-29/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-29/2023
14.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver