Məhkəmə qərarları › İş №e-8(019)-65/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-65/2022

05.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-65/2022 05.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatını iş materialları ilə birlikdə nəzərdən keçirərək müəyyənetdim: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 məhkəməyə təqdimat verərək, Balakən Rayon Məhkəməsinin 2(019)-766/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxaraq hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hesab edirəm ki, Azərbaycan Respublikası MPM-də bu xüsusda ərizənin geri qaytarılması barədə müddəa olmadığından, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən hazırki məsələ ilə bağlı analoji hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrinə istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən o cümlədən ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri ərizəyə əlavə edilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: -könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin hazırki işin materiallarından görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmiş, icra sənədinin icrası zamanı Borclu əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirilməmiş, Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin təqdimatda Borclu hansı xarici ölkələrə gedib-gəlməsi göstərilməmiş, onun hansı xarici ölkələrə gedib-gəlməsinin icra sənədinin icra edilməməsi ilə hansı səbəbli əlaqədə olması əsaslandırılmamışdır. Ümumiyyətlə hazırki təqdimat İcra haqqında Azərbaycan Respublikasının 84-1-ci maddəsinin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatının 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinin tələbləri baxımından əsaslandırılmamışdır. Ona görə də hesab edirəm ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılmalı və Balakən rayon İcra və Probasiya Şöbəsinə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı ikinci dəfə təqdimatla məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və mya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263- 264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Balakən rayon İcra və Probasiya Şöbəsinə izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada təqdimatla məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar