114.1. Valideynlər öldükdə və ya məlum olmadıqda, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya valideynlik hüquqları məhdudlaşdırıldıqda, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar valideynlik vəzifələrini həyata keçirə bilmədikdə, uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etdikdə, uşaqları sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, cəzaçəkmə müəssisələrində cəza çəkdikdə, həmçinin valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
114.2. Valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkar edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla 1 (bir) ay müddətində həmin uşaqların bu Məcəllənin 116-cı maddəsinə uyğun olaraq yerləşdirilməsini təmin edir.
114.3. Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir.