72.1. Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda (bu Məcəllənin 116-1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir.
72.2. Uşağı götürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal prokurora və uşağın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın alınması barədə aktın çıxarılmasından sonra 7 gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər.