Qanunvericilik › Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Mühafizə tədbirlərinin tətbiqi

Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Yekun mühafizə tədbirləri xüsusi rüsum və (və ya) idxal kvotası formasında tətbiq olunur.

24.2. Xüsusi rüsumlar və idxal kvotaları araşdırmanın nəticələrinə dair araşdırma orqanının təqdim etdiyi hesabat əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerli istehsal sahəsinə vurulan ciddi zərərin və ya ciddi zərər vurulma təhlükəsinin aradan qaldırılması və yerli istehsal sahəsinin yeni iqtisadi şərtlərə uyğunlaşdırılması prosesinin asanlaşdırılması üçün bu Qanunla müəyyən edilmiş həcmdə və müddətdə tətbiq edilir.

24.3. Araşdırma orqanı tərəfindən araşdırmanın nəticələrinə dair müvafiq icra hakimiyyəti orqanına təqdim olunan hesabatda xüsusi rüsumun dərəcəsinə və ya idxal kvotasının həcminə (o cümlədən kvotanın bölüşdürülmə qaydasına) dair təkliflər göstərilməlidir.

24.4. Bu Qanunun 24.5-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, mühafizə tədbiri idxal kvotası formasında tətbiq olunduqda, onun həcmi əvvəlki dövr üçün araşdırılan malın idxal həcminin orta illik səviyyəsindən (kəmiyyət və dəyər ifadəsi ilə) aşağı olmamalıdır.

24.5. Yerli istehsal sahəsinə vurulan zərərin aradan qaldırılması üçün zəruriliyi araşdırma orqanı tərəfindən əsaslandırılmaqla məhdudiyyət həcminin fərqli səviyyəsi müəyyən edilə bilər.

24.6. Araşdırılan malı ixrac edən xarici dövlətlər arasında idxal kvotaları bölüşdürüldükdə Azərbaycan Respublikasına bu malı ixrac etməkdə maraqlı olan xarici dövlətlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxal kvotalarının bölüşdürülməsi məsələsi ilə bağlı məsləhətləşmələrin aparılması təklif oluna bilər.

24.7. Bu Qanunun 24.6-cı maddəsində qeyd olunan məsləhətləşmələrin aparılması mümkün olmadıqda və ya belə məsləhətləşmələr zamanı idxal kvotasının maraqlı xarici dövlətlər arasında bölüşdürülməsi barədə razılıq əldə olunmadıqda, həmin xarici dövlətlər arasında idxal kvotası bu dövlətlərdən əvvəlki dövrdə araşdırılan malın gömrük ərazisinə idxal həcminin bu malın gömrük ərazisinə idxalının ümumi həcmində payı əsasında bölüşdürülür. Bu zaman araşdırılan malın ticarətinə təsir etmiş və ya təsir edə bilən amillər nəzərə alınır.

24.8. Mühafizə tədbiri kimi idxal kvotasının tətbiqi barədə qərarda kvota həcminin idxalçılar arasında bölüşdürülməsi qaydası göstərilir və həmin qaydaya uyğun olaraq kvota həcmi idxalçılar arasında bölüşdürülür.

24.9. Bu Qanunun 24.4-cü maddəsində və 24.7-ci maddəsinin birinci cümlələrində və 26.2.6-cı maddəsində əvvəlki dövr dedikdə, statistik məlumatların mövcud olduğu və araşdırmanın aparılması üçün əsasların yarandığı gündən bilavasitə əvvəlki 3 il başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver