Qanunvericilik › Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Mühafizə tədbirlərinin qüvvədə olma müddəti və onlara yenidən baxılma

Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, mühafizə tədbirinin tətbiqi müddəti 4 ildən çox ola bilməz.

25.2. Aşağıdakı şərtlərin mövcudluğu barədə araşdırma orqanının hesabatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin qüvvədə olma müddəti uzadıla bilər:

25.2.1. mühafizə tədbirlərinin tətbiqinin davam etdirilməsi yerli istehsal sahəsinə vurulan ciddi zərərin və ya ciddi zərər vurulma təhlükəsinin aradan qaldırılması üçün zəruri olduqda;

25.2.2. yerli istehsal sahəsinin yeni iqtisadi şərtlərə uyğunlaşdırılması prosesinin davam etməsi barədə sübutlar olduqda.

25.3. Bu Qanunun 25.2-ci maddəsinə əsasən qüvvədə olma müddəti uzadılmış mühafizə tədbiri bu barədə qərarın qəbul olduğu gün qüvvədə olan mühafizə tədbirindən daha çox məhdudlaşdırıcı ola bilməz.

25.4. Mühafizə tədbirinin qüvvədə olma müddəti 1 ildən çox olduqda, araşdırma orqanının hesabatı əsasında şəraitin dəyişməsinə uyğunluğu təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbiri malın idxal kvotasının həcminin artırılması və ya xüsusi rüsumun dərəcəsinin azaldılması yolu ilə tədricən yüngülləşdirilir.

25.5. Mühafizə tədbirinin qüvvədə olma müddəti 3 ildən çox olduqda, belə tədbirin qüvvədə olma müddətinin yarısının qurtarmasından gec olmayaraq təkrar araşdırma həyata keçirilir və araşdırma nəticəsində mühafizə tədbiri saxlanılır, ləğv olunur və ya malın idxal kvotasının həcminin artırılması və ya xüsusi rüsumun dərəcəsinin azaldılması yolu ilə yüngülləşdirilir.

25.6. Mühafizə tədbirinin qüvvədə olma müddətinin uzadıldığı müddət də daxil olmaqla, mühafizə tədbirinin ümumi qüvvədə olma müddəti 8 ildən çox ola bilməz.

25.7. Bu Qanunun 25.8-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, əvvəllər mühafizə tədbiri tətbiq olunan malın idxalına həmin mühafizə tədbirinin müddətinə bərabər müddətdə, amma ən azı 2 il ərzində təkrar mühafizə tədbiri tətbiq oluna bilməz.

25.8. Aşağıdakı şərtlər mövcud olduqda, əvvəllər mühafizə tədbiri tətbiq olunan malın idxalına 180 gün və ya daha az müddətə təkrar mühafizə tədbiri tətbiq olunur:

25.8.1. əvvəlki mühafizə tədbirinin tətbiqindən ən azı 1 il keçmişdir;

25.8.2. təkrar mühafizə tədbirinin tətbiqinə başlanıldıqdan bilavasitə əvvəlki 5 il müddətində həmin malın idxalına mühafizə tədbiri iki dəfədən çox tətbiq olunmamışdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver