26.1. Dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxal və bunun nəticəsində yerli istehsal sahəsinə vurulan zərərin müəyyən edilməsi məqsədi ilə araşdırma oxşar və (və ya) birbaşa rəqabətli malların istehsalçısı (istehsalçıları) və ya onların adından təqdim edilmiş yazılı müraciət və yaxud araşdırma orqanının öz təşəbbüsü əsasında araşdırma orqanı tərəfindən başlanılır.
26.2. Bu Qanunun 26.1-ci maddəsində qeyd olunan müraciətdə aşağıdakılar göstərilməlidir:
26.2.1. müraciət edən haqqında məlumat;
26.2.2. müraciət edən tərəfin istehsal etdiyi oxşar malın (mühafizə tədbirlərinin tətbiqi ilə bağlı müraciətdə oxşar və ya birbaşa rəqabətli malın) həcmi və dəyəri barədə məlumat;
26.2.3. bu Qanunun 26.3-cü maddəsinə uyğun olaraq müraciətin yerli istehsal sahəsi tərəfindən dəstəklənməsini təsdiq edən sənədlər;
26.2.4. oxşar malın (mühafizə tədbirlərinin tətbiqi ilə bağlı müraciətdə oxşar və ya birbaşa rəqabətli malın) bütün məlum yerli istehsalçılarının siyahısı və mümkün olduqda, oxşar malın belə istehsalçılar tərəfindən yerli istehsalının həcmi və dəyərinin təsviri;
26.2.5. barəsində araşdırılma aparılması təklif olunan malın Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası göstərilməklə təsviri, həmin malın mənşə və ya ixrac ölkəsinin adı, bu malın məlum xarici istehsalçıları və ya ixracatçıları və idxalatçıları haqqında məlumatlar;
26.2.6. barəsində araşdırılma aparılması təklif olunan malın gömrük ərazisinə idxal həcminin (mühafizə tədbirlərinin tətbiqi ilə bağlı araşdırma zamanı əvvəlki dövr ərzində) dəyişməsi haqqında məlumatlar;
26.2.7. antidempinq tədbirlərinin tətbiqi ilə bağlı müraciətdə mənşə və ya ixrac ölkəsinin bazarında barəsində araşdırılma aparılması təklif olunan malın istehlak qiyməti barədə (və ya mümkün olduqda mənşə və ya ixrac ölkəsi tərəfindən üçüncü ölkəyə satış qiymətləri və ya malın hesablanmış dəyəri haqqında) məlumatlar, mümkün olduqda malın ixrac qiyməti haqqında məlumatlar və ya həmin malın gömrük ərazisində müstəqil alıcıya ilkin satış qiyməti barədə məlumatlar, kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı müraciətdə xarici dövlətin spesifik subsidiyasının mövcudluğu haqqında sübutlar;
26.2.8. antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı müraciətdə bu Qanunun 12.2-ci, 12.3-cü və 12.5-ci maddələrində, mühafizə tədbirlərinin tətbiqi ilə bağlı müraciətdə bu Qanunun 22.1-ci maddəsində qeyd olunan faktorlar barədə sübutlar.
26.3. Bu Qanunun 26.2.3-cü maddəsinə uyğun olaraq antidempinq, kompensasiya və ya mühafizə tədbirlərinin tətbiqi ilə bağlı müraciət aşağıdakı sənədlər əlavə edildikdə yerli istehsal sahəsi tərəfindən dəstəklənmiş hesab edilir:
26.3.1. antidempinq və kompensasiya tədbirlərinin tətbiqi ilə bağlı müraciətə oxşar malın yerli istehsalında müraciət edənlə birgə 25 faizdən çox paya malik digər istehsalçıların qoşulması haqqında, bu şərtlə ki, müraciət olunduğu vaxt müraciətə dəstək verən yerli istehsalçılarının istehsal həcmi müraciətə münasibət bildirmiş (dəstəkləmiş və ya qarşı çıxmış) yerli istehsalçılarının istehsal həcminin 50 faizindən çoxunu təşkil etsin;
26.3.2. mühafizə tədbirlərinin tətbiqi ilə bağlı müraciətə oxşar və ya birbaşa rəqabətli malın yerli istehsalında müraciət edənlə birgə 50 faizdən çox paya malik digər istehsalçıların qoşulması haqqında.
26.4. Araşdırma orqanı araşdırmanın başlanması üçün kifayət qədər əsasların mövcudluğunu müəyyən etmək məqsədi ilə, müraciətin təqdim edildiyi gündən 30 gün müddətində müraciətdə təqdim edilmiş sübutların mötəbərliliyini və mümkünlüyünü araşdırır.
26.5. Bu Qanunun 26.2-ci maddəsinə əsasən təqdim edilməli olan sənədlər müraciətə əlavə olunmadıqda və ya həmin sənədlərdə göstərilən məlumatlar həqiqətə uyğun olmadıqda araşdırmanın başlanılmasından imtina olunur.
26.6. Bu Qanunun 26.5-ci maddəsi istisna olmaqla, digər əsaslara görə araşdırmanın başlanılmasından imtina oluna bilməz.
26.7. Araşdırmanın başlanılması ilə bağlı qərar qəbul edilənədək araşdırmanın başlanılması barədə müraciətin araşdırma orqanı tərəfindən ictimaiyyətə açıqlanmasına yol verilmir.
26.8. Bu Qanunun 26.1-ci maddəsində qeyd olunan müraciət araşdırmanın başlanılmasınadək və ya araşdırmanın gedişində geri götürülə bilər. Müraciət araşdırmanın başlanılmasınadək geri götürüldükdə təqdim edilməmiş hesab olunur, araşdırmanın gedişində geri götürüldükdə, araşdırmaya antidempinq, kompensasiya və ya mühafizə tədbirləri tətbiq edilmədən xitam verilir.
26.9. Araşdırma orqanı öz təşəbbüsü əsasında araşdırmanı o halda başlayır ki, onun sərəncamında dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxalın mövcudluğu və belə idxal nəticəsində yerli istehsal sahəsinə zərər vurulması ilə bağlı kifayətedici sübutlar olsun.