19.1. Cıdır meydanı (ippodrom) cins atların iş qabiliyyətinin və damazlıq keyfiyyətlərinin yoxlanılması (üzə çıxarılması) məqsədilə müəyyən qaydalarla sınaqlar keçirən, habelə adi və ənənəvi mükafatlar uğrunda cıdırların, at idmanı yarışlarının, atüstü oyunların və atçılıqla bağlı digər tədbirlərin keçirildiyi atçılıq subyektidir.
19.2. Cıdır meydanı aşağıdakı tələblərə cavab verməlidir:
19.2.1. cıdırların, atüstü oyunların və at idmanı yarışlarının iştirakçılarını qəbul etmək üçün kifayət qədər at yerlərinə, müvafiq tələblərə cavab verən cıdır yollarına, tamaşaçı tribunasına, yardımçı bina və qurğulara malik olmalıdır;
19.2.2. cıdırları, atüstü oyunları və at idmanı, yarışlarını müvafiq qaydalara uyğun keçirmək üçün yüksəkixtisaslı hakimlər kollegiyasına və işçi heyətinə malik olmalıdır;
19.2.3. texniki vəziyyəti və şəraiti orada keçirilən təlimlərin, məşqlərin, cıdırların, at idmanı yarışlarının, habelə insanların və atların təhlükəsizliyini təmin etməlidir.
19.3. Cıdır meydanlarının məqsədi və fəaliyyət istiqamətləri aşağıdakılardır:
19.3.1. damazlıq atların təlimlərinin, məşqlərinin və sınaqlarının təşkili və keçirilməsi;
19.3.2. damazlıq atların sınağının nəticəsinin damazlıq işi ilə məşğul olan subyektlərə təqdim edilməsi;
19.3.3. müəyyən qaydalara və təsdiq edilmiş proqramlara uyğun olaraq atların ölkə və zona cıdır və idman yarışlarının, atüstü oyunların, sərgilərin, hərracların keçirilməsi;
19.3.4. atların seleksiyası, uçotu, damazlıq keyfiyyətlərinə nəzarət, məşqi və sınağı ilə məşğul olan mütəxəssislərin, məşqçilərin, hakimlərin və texniki heyətin hazırlanması və ixtisaslarının artırılması;
19.3.5. cıdır yarışlarında cıdır-şans (totalizator) oyunlarının beynəlxalq tələblərə uyğun keçirilməsinin təşkili;
19.3.6. daxili nizamnamədə nəzərdə tutulan digər atçılıq tədbirlərinin keçirilməsi.
19.4. Sınaqlarda, ənənəvi mükafatlar uğrunda cıdır və idman yarışlarında təmizqanlı, təmiz cins və yerli genofondlardan olan atların iştirakına yol verilir.
19.5. Cıdır meydanlarında cins atların sınaqlarının, ənənəvi mükafatlar uğrunda cıdır yarışlarının, atüstü oyunların, sərgilərin və atçılıqla bağlı digər tədbirlərin təşkilinin və keçirilməsinin qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19.6. Cıdır meydanlarına olan texniki normalar və tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.