1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. atmosfer havası – ətraf mühiti əhatə edən atmosfer qazlarının təbii qarışığı;
1.0.2. zərərli və çirkləndirici maddələr (bundan sonra zərərli maddələr) – atmosfer havasına atılan və müəyyən qatılıq həddində insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərən maddələr və ya onların qarışıqları;
1.0.3. atmosfer havasının çirklənməsi – atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən artıq olması;
1.0.4. atmosfer havasının transsərhəd çirklənməsi – mənbəyi bir dövlətin ərazisində yerləşən zərərli maddələrin yayılması nəticəsində digər ölkənin atmosfer havasının çirklənməsi;
1.0.5. əlverişsiz meteoroloji şərait – yer səthinə atmosfer havasının bitişik qatında zərərli maddələrin toplanmasına və yayılmasına səbəb olan meteoroloji şərait;
1.0.6. atmosfer havasına zərərli fiziki təsir – antropogen mənşəli səs-küy, vibrasiya, ionlaşdırıcı şüalar, elektromaqnit dalğaları, hərarət, radiasiya və digər fiziki amillərin insan sağlamlığına və ətraf mühitə zərərli olaraq atmosfer havasının fiziki xassələrini dəyişdirən təsiri;
1.0.7. atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi – atmosfer havasına fiziki təsirin insan sağlamlığına və ətraf mühitə zərərli olmayan maksimum səviyyəsini əks etdirən fiziki təsirin normativi;
1.0.8. atmosfer havasına zərərli fiziki təsirin yol verilən həddi – mənbələrin hər birinin və hamısının zərərli fiziki təsirlərinin atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsini aşmaması şərtli ilə zərərli fiziki təsirin hər bir mənbəyi üçün müəyyən edilən normativ;
1.0.9.atılmanın (tullantının) texniki normativi – zərərli maddələrin stasionar və səyyar mənbələri, o cümlədən nəqliyyat vasitələri, texnoloji proseslər və avadanlıqlar üçün məhsul vahidinə, yürüşə, mühərrikin gücünə görə hesablanan atmosfer havasına atılan zərərli maddələrin yol verilən maksimum həcmini və digər göstəriciləri müəyyən edən normativ;
1.0.10. atılmanın (tullantının) yol verilən həddi – stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin alınmasının yol verilən həddi;
1.0.11. müvəqqəti razılaşdırılmış atılma (tullantı) – atmosfer havasının keyfiyyəti və müvafiq ərazinin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla atılmanın yol verilən həddinə mərhələlərlə nail olmaq şərtilə, stasionar mənbələr üçün müəyyən edilən atmosfer havasına zərərli maddələrin alınmasının müvəqqəti həddi;
1.0.12. atmosfer havasının monitorinqi – atmosfer havasının vəziyyətinin, çirklənməsinin, onda baş verən təbii hadisələrin öyrənilməsi, qiymətləndirilməsi və proqnozu məqsədilə müşahidə və nəzarət sistemi;
1.0.13. atmosfer havasının mühafizəsi – atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə zərərli olan atmosfer havasına təsirin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemi;
1.0.14. atmosfer havasının keyfiyyətinin gigiyenik normativi – atmosfer havasında insan sağlamlığına zərərli təsiri istisna edən zərərli maddələrin miqdarının yol verilən həddini müəyyən edən atmosfer havasının keyfiyyət meyarı;
1.0.15. atmosfer havasının keyfiyyətinin ekoloji normativi – atmosfer havasında ətraf mühitə zərərli təsiri istisna edən zərərli maddələrin miqdarının yol verilən həddini müəyyən edən atmosfer havasının keyfiyyət meyarı;
1.0.16. atmosfer havasının keyfiyyəti – atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə uyğunluq dərəcəsini əks etdirən atmosfer havasının fiziki, kimyəvi və bioloji xassələrinin məcmusu.