21.1. Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən marşrut şəbəkəsi müəyyənləşdirilir və dövlət sifarişi formalaşdırılır.
21.2. Daşıyıcılar avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsinə sifarişçinin keçirdiyi müsabiqə əsasında cəlb olunurlar. Müsabiqədə iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə ödəniş edilir.
21.3. Sifarişçi müsabiqəyə müntəzəm avtobus marşrutlarını və ya daşımaların intensivliyini, həmçinin rentabelliyini nəzərə alaraq marşrutların müvafiq reyslərini çıxarır.
21.4. Müsabiqənin qalibləri müntəzəm marşrutlar və ya marşrutların müəyyən reysləri üzrə sərnişindaşıma xidmətləri göstərmək hüququnu əldə edirlər.
21.5. Sifarişçi müsabiqənin qalibinin maddi-texniki bazasını nəzərə alaraq hər bir şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlayır. Müsabiqənin qalibi olan daşıyıcı dövlət sifarişi əsasında sərnişin daşımalarını yerinə yetirə bilmədikdə yaxud lazımi qaydada yerinə yetirmədikdə və ya onunla bağlanmış müqavilənin digər şərtlərini pozduqda sifarişçi həmin müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək hüququna malikdir.
21.6. Müəyyən marşrut üzrə müsabiqədə yalnız bir iddiaçı olan daşıyıcı iştirak etdikdə, müvafiq müqavilə yalnız həmin daşıyıcının müsabiqənin bütün tələblərinə uyğun olduğu halda bağlanılır.
21.7. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21.8. Beynəlxalq müntəzəm marşrutların Azərbaycan Respublikasının ərazisində yerləşən, şəhərlərarası (rayonlararası) müntəzəm marşrutların isə şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son təyinat məntəqəsi yalnız avtovağzal (avtostansiya) olmalıdır.
21.9. Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən elektron qaydada doldurulur.