3.1. Bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur.
3.2. Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir:
3.2.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;
3.2.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına;
3.2.3. dövlət orqanlarının (qurumlarının), büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkanar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;
3.2.4. hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara;
3.2.5. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına;
3.2.6. fiziki şəxslərin mülkiyyətində yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara.