4.0. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür:
4.0.1. şəhərdaxili (rayondaxili) sərnişin daşımaları – şəhərin (rayonun) inzibati-ərazi hüdudları daxilində yerinə yetirilən sərnişin daşımaları;
4.0.2. şəhərlərarası (rayonlararası) sərnişin daşımaları – ayrı-ayrı şəhərlərin (rayonların) inzibati ərazisində yerləşən yaşayış məntəqələri arasında yerinə yetirilən sərnişin daşımaları;
4.0.3. müntəzəm sərnişin daşımaları – işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları;
4.0.4. qeyri-müntəzəm sərnişin daşımaları - sifarişçi ilə bağlanmış müqavilə (sifariş) əsasında daşıyıcı tərəfindən yerinə yetirilən və müntəzəm daşımalara aid olmayan sərnişin daşımaları;
4.0.5. ölkədaxili yük daşımaları – Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımaları;
4.0.6. beynəlxalq daşımalar – avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları;
4.0.7. ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları.