Qanunvericilik › Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Avtonəqliyyat vasitələrinin kütlə, qabarit ölçüləri və digər texniki göstəriciləri hərəkətin təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə uyğun olmalıdır.

6.2. Avtonəqliyyat vasitələrinin əlavə avadanlıqla, o cümlədən müxtəlif təyinatlı nəzarət cihazları ilə təchiz edilməsinə dair tələblər Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunur.

6.3. Ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunur. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilir.

6.4. Avtomobil nəqliyyatının infrastruktur obyektləri sərnişin və yük daşımalarının yerinə yetirilməsinə, yol hərəkətinin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə dair, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər tələblərə cavab verməlidir.

6.5. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

6.6. Müvafiq yol-nəqliyyat, sosial, mədəni, ictimai-iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və digər bu kimi xidmətlərin kompleks qaydada təqdim edilməsi məqsədilə avtomobil nəqliyyatı parkları yaradıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver