7.1. Avtovağzallar (avtostansiyalar) sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur.
7.1-1. Əhalisinin sayı üç yüz min nəfərədək olan yaşayış məntəqələrində bir, əhalisinin sayı üç yüz min nəfərdən çox olan yaşayış məntəqələrində iki və ya daha çox avtovağzal (avtostansiya) təşkil oluna bilər.
7.2. Avtovağzalda 75-dən artıq sərnişin tutan gözləmə zalı, ən azı inzibati bina və ya xidməti otağı, bir necə bilet kassası, ana və uşaq otağı, baqaj saxlama kamerası, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr, tibbi yardım və polis məntəqələri, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perron, avtobusların reyslərarası dayanması üçün meydança və təmizləmə postu, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahə olmalıdır.
7.3. Avtostansiyada 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahə, sərnişinlərin minib-düşməsi üçün perron olmalıdır.
7.4. Avtovağzallarda (avtostansiyalarda) aşağıdakı növ xidmətlər göstərilir:
7.4.1. gediş sənədlərinin (biletlərin) satışı;
7.4.2. sərnişin avtonəqliyyat vasitələrinin gəlməsinin və yola düşməsinin idarə olunması;
7.4.3. sərnişin avtonəqliyyat vasitələrinin sanitar-gigiyenik vəziyyətinə, müvafiq avadanlıq və ləvazimatlarla təchiz olunmasına nəzarət;
7.4.4. ticarət və məişət xidmətləri;
7.4.5. sərnişinlər və daşıyıcılar tərəfindən avtonəqliyyat vasitəsilə sərnişin və baqaj daşınması qaydalarına riayət olunmasına nəzarət.
7.5. Gün ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayından, binaların, tikililərin, texnoloji avadanlıqla təchizatından, həmçinin göstərilən xidmətlərin çeşidindən və səviyyəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər bir avtovağzala (avtostansiyaya) kateqoriyasına uyğun olaraq pasport verilir. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Pasport olmadan avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsinə, habelə avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Pasportun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
7.6. Avtovağzalların (avtostansiyaların) göstərdiyi xidmətlərin onlara verilmiş pasporta uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Avtovağzalın (avtostansiyanın) göstərdiyi xidmətlərin səviyyəsi ona verilmiş pasportda qeyd edilmiş kateqoriyadan aşağı olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) pasportun qüvvəsini dayandıra və ya pasportla müəyyən olunmuş kateqoriyanı aşağı sala bilər.
7.7. Avtovağzalların (avtostansiyaların) vəzifə və funksiyaları, fəaliyyətinin xüsusiyyətləri və texnoloji prosesi, həmçinin avtovağzallara (avtostansiyalara) pasportun verilməsi və onların müvafiq kateqoriyalara aid edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir.