Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19-2

Maddə 19-2. Ödənişli avtomobil yollarının yaradılması barədə qərarların qəbul edilməsi

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomagistralın tikilməsi barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qəbul edir.

Bələdiyyə və ya özəl avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar yolun sahibi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla qəbul edilir. Razılaşdırma üçün ərizəçi aşağıdakı sənədləri təqdim edir:

- mövcud və ya tikilməsi nəzərdə tutulmuş yolun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu, habelə mövcud yoldan istifadə hüququnu təsdiq edən sənədin surəti;

- avtomobil yolunun istiqaməti və texniki göstəriciləri haqqında məlumat;

- nəzərdə tutulmuş ödənişin məbləği barədə məlumat.

Razılaşdırma haqqında ərizəyə 30 gündən gec olmayaraq baxılır.

Ödənişli avtomobil yolları aşağıdakı şərtlərlə yaradılır:

- ödənişli avtomobil yolları ilə yanaşı fəaliyyət göstərən və keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud olduqda;

- ödənişli avtomobil yolunun müasir keyfiyyət standartlarına uyğunluğu, o cümlədən yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat vasitələrinin hərəkətinin yüksək sürəti təmin edildikdə.

Avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi barədə qərarda aşağıdakılar göstərilməlidir:

- avtomobil yolunun başlanğıc və son nöqtələri;

- avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri;

- avtomobil yolunun texniki göstəriciləri;

- avtomobil yolunun uzunluğu;

- alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, marşrutu və əsas texniki göstəriciləri.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş bələdiyyə və ya özəl avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar bələdiyyə və ya özəl avtomobil yolunun sahibi tərəfindən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumat isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yolun istifadəsinə 30 gün qalmış mediada yayımlanmalıdır.

Qeyd: Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver