Ödənişli avtomobil yolu istifadəçisi gediş üçün ödənişi həmin yolun sahibi ilə bağlanmış müqavilə əsasında həyata keçirir. Müqavilənin bağlanması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir.
Ödənişli avtomobil yolundan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz.
Ödənişli avtomobil yolunun sahibinin aşağıdakı vəzifələri vardır:
- müəyyən edilmiş sürət rejimi nəzərə alınmaqla, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək;
- ödənişli avtomobil yolundan normal istifadəyə mane olan nasazlıqları vaxtında aradan qaldırmaq;
- ödənişli avtomobil yolunun istifadəçilərini ödənişin miqdarı, ödəmə qaydası habelə həmin yol boyu göstərilən xidmətlər barədə məlumatlarla təmin etmək.
Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddırlar.
Özəl avtomobil yollarının sahibləri ayrı-ayrı kateqoriyalardan olan istifadəçilər və ya nəqliyyat vasitələrinin müəyyən növləri üçün güzəştlər tətbiq etmək hüququna malikdirlər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.