Deputatın Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilən qanunvericilik təşəbbüsü hüququ vardır.
Deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər edilməsi haqqında layihə təklif edə bilər;
qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;
Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər edilməsi haqqında təkliflər irəli sürə bilər.
Deputatın qanunvericilik təşəbbüsü hüququ onun təqdim etdiyi qanun və ya qərar layihələrinə Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarında baxılması və bu barədə müvafiq qərar qəbul edilməsi ilə, qanunvericilik təşəbbüsü irəli sürən deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarında çıxış etməsinə şərait yaradılması ilə təmin olunur.