Qanunvericilik › Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Daxili qoşunların vəzifələri

Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Daxili qoşunlar aşağıdakı vəzifələri həyata keçirirlər:

14.1.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak;

14.1.2. mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulması;

14.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki, eləcə də hərbi təchizat anbarlarının və bazalarının mühafizəsi;

14.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi əsasında, habelə xidməti vəzifələrin icrası zamanı aşkarlanmış partlayıcı qurğu və maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi.

14.2. Daxili qoşunlar aşağıdakı hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirirlər:

14.2.1. ictimai qaydanın qorunması, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması zamanı;

14.2.2. kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulması hallarının qarşısının alınması zamanı;

14.2.3. qanunsuz silahlı birləşmələrin, terror təşkilatlarının və terror qruplarının, habelə silahlı müqavimət göstərən və silahlı basqın edən şəxslərin zərərsizləşdirilməsi zamanı;

14.2.4. dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejiminin təmin edilməsi zamanı;

14.2.5. cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınması zamanı;

14.2.6. girovların, zəbt edilmiş binaların və digər tikililərin, qurğuların, ərazilərin və nəqliyyat vasitələrinin azad edilməsi zamanı;

14.2.7. mülki hava və ya su nəqliyyatı vasitəsinin, yaxud dəmiryol qatarının zəbt olunması və qaçırılması hallarının qarşısının alınması zamanı;

14.2.8. fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılması zamanı;

14.2.9. cəlb edildiyi təqdirdə Azərbaycan Respublikası ərazisinin müdafiəsi zamanı.

14.3. Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunur.

14.4. Daxili qoşunların hərbi qulluqçularına həvalə edilmiş vəzifələrin icrası ilə bağlı onların qanuni tələblərinin icrası məcburidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver