Qanunvericilik › Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Daxili qoşunların hüquqları

Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Daxili qoşunlar vəzifələrinin icrası zamanı aşağıdakı hüquqlara malikdirlər:

15.1.1. hər bir şəxsdən ictimai qaydaya riayət etməyi tələb etmək, hüquqazidd əməllərin və xidməti vəzifələrinin icrasına mane olan hərəkətlərin qarşısını almaq;

15.1.2. daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı hüquq pozuntusu törətmiş, cinayət törətməyə cəhd edən və ya cinayət törətməkdə şübhəli bilinən şəxsləri tutmaq, onların şəxsiyyətini müəyyənləşdirmək, qanunla müəyyən edilmiş qaydada onları polis orqanlarına təhvil vermək, cinayət törətmiş şəxsləri saxlayarkən qanunla müəyyən edilmiş qaydada onların üzərində axtarış aparmaq və əşyalarını yoxlamaq;

15.1.3. mühafizə etdikləri obyektlərə qanunsuz daxil olan və ya daxil olmağa cəhd edən şəxslərin üzərində qanunla müəyyən edilmiş qaydada axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq, qanunla müəyyən edilmiş qaydada polis orqanlarına təhvil vermək;

15.1.4. mühafizə etdikləri obyektlərə daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamaq;

15.1.5. mühafizə etdikləri obyektlərin buraxılış məntəqələrində qanunla müəyyən edilmiş qaydada şəxslərin üzərində axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq;

15.1.6. bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə daxil olmaq;

15.1.7. bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərinə, ərazilərə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil olmaq;

15.1.8. bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərini, əraziləri, binaları və digər tikililəri dövrəyə almaq, əsaslı şübhələr olduqda nəqliyyat vasitələrini yoxlamaq və digər əməliyyat tədbirlərini yerinə yetirmək;

15.1.9. qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən, silahdan, döyüş texnikası və xüsusi texnikadan istifadə etmək.

15.2. Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlar “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş polis əməkdaşının hüquqlarından istifadə edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver