6.1. Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.
6.2. Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Respublikası Baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir.
6.3. Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.
6.4. Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf və elektron yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.
6.5. Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra Müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu Qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.