Qanunvericilik › Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 13

Maddə 13. Maliyyə-büdcə sistemi

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının öz maliyyə sistemi vardır. Bu sistemə Azərbaycan Respublikasının büdcəsi, Azərbaycan Respublikasının pensiya fondu, sosial sığorta fondu, dövlət sığortası və şəxsi sığorta, xarici sığorta, xalq təsərrüfatı sahələrinin, həmkarlar ittifaqı təşkilatlarının və başqa ictimai təşkilatların maliyyəsi və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə yaradılan büdcədənkənar fondlar daxildir. Azərbaycan Respublikasının büdcəsi respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası, DQMV və yerli xalq deputatları Sovetləri büdcələrinin vəsaitindən ibarətdir.

Azərbaycan Respublikasının respublika büdcəsini, muxtar qurumların büdcələrini və yerli büdcələri tərtib etmək, nəzərdən keçirmək, təsdiq və icra etmək qaydası, habelə onların qarşılıqlı münasibətləri büdcə sistemi, vergiqoyma, yerli özünüidarə və yerli təsərrüfat haqqında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Azərbaycan Respublikasının respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası və DQMV büdcələrinin, yerli büdcələrin gəlir mənbələri dövlət vergiləri, tədiyələr, daxil olan varidat və subvensiyalardır.

Azərbaycan Respublikası öz ərazisində müstəqil vergi siyasəti yeridir. Vergilərin növləri və dərəcələri, habelə vergiqoyma qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir və bütün hüquqi şəxslər və vətəndaşlar barəsində qüvvədə olur.

Azərbaycan Respublikasının ərazisində müəssisələrdən, birliklərdən və təşkilatlardan, habelə vətəndaşlardan tutulan vergilərin və tədiyələrin bütün növləri tamamilə respublika büdcəsinə və yerli büdcələrə keçirilir.

Azərbaycan Respublikasının respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası və DQMV büdcələrinin, yerli büdcələrin vəsaiti xalq təsərrüfatının inkişafı və dövlət tərəfindən tənzimlənməsi, ictimai və sosial ehtiyacların ödənilməsi və dövlət idarəetmə funksiyalarının yerinə yetirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Azərbaycan Respublikası başqa dövlətlər və beynəlxalq təşkilatlarla şərikli layihələrin və proqramların məqsədli maliyyələşdirilməsində müqavilə əsasında öz büdcə vəsaiti ilə iştirak edə bilər.

Azərbaycan Respublikası Ali Sovetinin könüllü surətdə İttifaqın ali hakimiyyət orqanına verdiyi səlahiyyətin icrası ilə əlaqədar xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası vəsait ayırır.

İttifaq bu səlahiyyəti yerinə yetirmədikdə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə vəsait ayrılması dayandırılır və əvvəllər ödənilmiş tədiyələr geri tələb edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver