37.1. Azərbaycan Respublikasının ərazisində nağd pul tədavülünün təşkili üçün Mərkəzi Bank aşağıdakıları həyata keçirir:
37.1.1. pul nişanlarına olan tələbatı müəyyənləşdirir;
37.1.2. pul nişanlarının istehsalını təşkil edir və ya hazırlanmasına sifariş verir, onların daşınmasını və saxlanmasını təmin edir;
37.1.3. pul nişanlarının ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam verir;
37.1.4. Mərkəzi Bank və kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və inkassasiyası qaydalarını müəyyən edir;
37.1.5. Mərkəzi Bankda kassa əməliyyatlarının aparılması qaydalarını müəyyənləşdirir;
37.1.5-1. kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydalarını, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına (pulsayan, nağd pulu emal edən və nağd pulun mədaxili və (və ya) məxarici əməliyyatlarını aparan digər avadanlıqlar) dair minimum tələbləri müəyyən edir;
37.1.6. tədavülə yararsız olan pul nişanlarının əlamətlərini və onların dəyişdirilməsi qaydalarını müəyyən edir.