Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 59

Maddə 59. Mərkəzi Bankın əməkdaşları

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

59.1. Bu Qanunun tələbləri nəzərə alınmaqla Mərkəzi Bankla əməkdaşlar arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

59.2. Mərkəzi Bankın əməkdaşları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

59.3. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan əməkdaşlar kredit təşkilatlarından və digər nəzarət subyektlərindən alacaqları kreditlər haqqında məlumatı İdarə Heyətinin müəyyən etdiyi qaydada Mərkəzi Banka təqdim edirlər.

59.4. Mərkəzi Bankın əməkdaşları xidməti vəzifələri ilə şəxsi maraqları arasında maraqlar münaqişəsinə yol verməməlidirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın əməkdaşları nəzarət subyektlərinin və onların törəmə təsərrüfat cəmiyyətlərinin idarəetmə orqanlarının üzvü ola bilməzlər. Nəzarət subyektlərində və onlara aidiyyəti olan şəxslərdə Mərkəzi Bankın əməkdaşı və ya onun yaxın qohumu (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, nəvə, övladlığa götürən, övladlığa götürülən, qardaş və bacı) təsisçi və ya iştirakçı olduqda, yaxud yaxın qohumu həmin şəxslərdə nəzarət və icra orqanlarında vəzifə tutduqda Mərkəzi Bankın əməkdaşı bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. Bu hallarda Mərkəzi Bankın əməkdaşı həmin nəzarət subyektlərində yoxlama apara və ya digər nəzarət tədbirində, habelə həmin nəzarət subyekti ilə bağlı qərarların qəbulunda iştirak edə bilməz. Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin xidməti vəzifələri ilə şəxsi maraqları arasında maraqlar münaqişəsinin qarşısının alınmasına dair tələblər bu Qanunun 21-ci və 23-cü maddələri ilə tənzimlənir.

59.5. Mərkəzi Bankın əməkdaşlarının pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

59.6. Mərkəzi Bank öz əməkdaşlarının sosial müdafiəsi, habelə əlavə təhsili və peşəkarlığının yüksəldilməsi məqsədilə tədbirlər görə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver