15.1. Müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi BMT Nizamnaməsinin 42-ci maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilən tədbirlərdə iştirak və istifadə edilməsi, həmçinin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və ya kollektiv özünümüdafiə hüququna əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün hərbi heyətin göndərilməsi barədə qərar qəbul edir.
15.2. BMT Nizamnaməsinin 42-ci maddəsinə uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyin qorunması və ya bərqərar edilməsi üzrə məcburi tədbirlərin tətbiqi və hərbi gücün istifadəsi ilə bağlı fəaliyyətlər üçün formalaşdırılan BMT qoşunlarında Azərbaycan Respublikasının hərbi heyətinin iştirakına dair BMT Təhlükəsizlik Şurası ilə BMT Nizamnaməsinin 43-cü maddəsinə əsasən xüsusi razılaşma imzalanır. Xüsusi razılaşmada qoşunların say və növü, onların yerləşdirilməsi və hazırlıq dərəcəsi, habelə müəyyən edilmiş ərazidən keçmə hüququ da daxil olmaqla təqdim olunacaq təminatın və yardımın xarakteri, həmçinin bu cür qoşunların BMT Təhlükəsizlik Şurasının sərəncamına verilməsi qaydaları müəyyən edilir. Xüsusi razılaşma Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qanunla müəyyən edilmiş qaydada ratifikasiya edilməlidir.
15.3. BMT Azərbaycan Respublikasına müraciət etdikdə və ya müvafiq icra hakimiyyəti orqanı hərbi heyətin və müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə mülki heyətin BMT Nizamnaməsinin VI fəslinin müddəalarına uyğun olaraq məcburi tədbirlər tətbiq edilmədən sülhməramlı əməliyyatların aparılması üçün BMT tərəfindən yaradılan sülhməramlı kontingentin tərkibinə daxil edilməsini məqsədəuyğun hesab edərsə, bu Qanunun 5.1-ci maddəsində göstərilən əsaslardan ən azı biri mövcud olduqda Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə hərbi heyətin göndərilməsi haqqında, müvafiq icra hakimiyyəti orqanı isə mülki heyətin bu cür əməliyyatlarda iştirak etmək üçün göndərilməsi barədə qərar qəbul edir.