16.1. Beynəlxalq regional təşkilatların qərarı ilə, yaxud regional beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası kollektiv təhlükəsizlik qüvvə və vasitələrinin (kollektiv sülhməramlı qüvvələrin, çevik qüvvələrin) və ya hərbi və mülki heyətin beynəlxalq regional təşkilatların sülhməramlı əməliyyatlarında iştirakına dair ehtiyat beynəlxalq müqavilələr sisteminin yaradılmasında iştirak edə bilər.
16.2. Beynəlxalq regional təşkilatların (müqavilələrin) iştirakçıları olan dövlətlərin xahişinə əsasən və onlarla razılaşdırılmaqla Azərbaycan Respublikası bu Qanunla müəyyən olunmuş qaydada beynəlxalq regional təşkilatların qərarı ilə, yaxud regional beynəlxalq müqavilələr çərçivəsində öz hərbi və mülki heyətini sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədi ilə həmin dövlətlərin ərazisinə göndərə bilər.
16.3. Hərbi və mülki heyətin bilavasitə istifadəsi, vəzifələri, tərkibi, sayı, onların dislokasiya yerləri, göndərildikləri ölkənin ərazisində qalma müddəti barədə qərar beynəlxalq regional təşkilatların ali orqanı tərəfindən qəbul edilir.
16.4. Kollektiv təhlükəsizlik qüvvə və vasitələri (kollektiv sülhməramlı qüvvələr, çevik qüvvələr) tərəfindən sülhməramlı əməliyyatlar yerinə yetirildiyi təqdirdə Azərbaycan Respublikasının hərbi və mülki heyətinin onların tərkibində fəaliyyəti bu Qanunla, əməliyyat aparmaq hüququ verən mandatla və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrlə tənzimlənir.