18.1. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
18.2. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.21-ci maddəsi, uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə isə həmin Qanunun 4.22-ci maddəsi tətbiq edilir.
18.3. Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən müəssisələr, qurğular və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.