10.1. Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları məqbul və lazımi keyfiyyətə malik şəxslər olmalıdır.
10.2. Aşağıdakı şəxslər bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı ola bilməzlər:
10.2.1. maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər iki il ərzində başqa bankın inzibatçısı ola bilməzlər);
10.2.2. üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Mərkəzi Bankın tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla);
10.2.3. bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş şəxslər;
10.2.4. bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) üzvü olan şəxslər;
10.2.5. İdarə heyətinin üzvləri istisna olmaqla, bankda digər vəzifə tutan şəxslər;
10.2.6. Müşahidə Şurasının üzvü üçün - üçdən (müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunduqda beşdən) çox hüquqi şəxsin və ya digər hər hansı bir bankın idarəetmə orqanlarının üzvü olan şəxslər;
10.2.7. bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri, eləcə də xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - başqa banklarda, xarici bankların yerli filiallarında, digər hüquqi şəxslərdə, o cümlədən banka aidiyyəti olan hüquqi şəxslərdə vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və hüquqi şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla);
10.2.8. bankın inzibatçısı ilə qohumluq münasibətlərində olan şəxs – onun əri/arvadı, valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla);
10.2.9. dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).
10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;
10.3.2. bankın İdarə Heyətinin sədri və üzvləri, habelə xarici bankın yerli filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 10 illik iş təcrübəsinin (azı 5 ili rəhbər vəzifədə olmaqla) olması;
10.3.3. yerli bankın filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
10.3.4. bankın daxili audit bölməsinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
10.3.5. bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və bankda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması (bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır);
10.3.6. bank şöbəsinin və nümayəndəliyinin, habelə xarici bankın yerli nümayəndəliyinin rəhbəri üçün - ali təhsil və bankda azı 2 illik iş təcrübəsinin olması.
10.4. Bu Qanunun 10.3.5-ci maddəsində baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər bankda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.
10.5. Bank Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur.
Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə banka və ya xarici banka sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.
10.6. Bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, inzibatçı vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində bank və ya xarici bankın yerli filialı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci maddələrində nəzərdə tutulan məlumat və sənədlər əlavə olunur. Bildirişdə həmçinin təyin olunmuş inzibatçıların bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.
10.7. Bu Qanunun 10.5-ci və 10.6-cı maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.
10.8. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.