Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Yerli bankların filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılmasına dair tələblər

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Yerli bank bu Qanunun tələbləri nəzərə alınmaqla filial, şöbə və nümayəndəlik açmaqda sərbəstdir.

11.1-1. Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

11.2. Məcmu kapital, kapital adekvatlığı və likvidlik normativlərinə cavab verən, filiallar üzrə daxili nəzarət sisteminə malik olan bank filial, şöbə və nümayəndəlik aça bilər. Filial və şöbədə nağd pul saxlancı Mərkəzi Bankın müvafiq normativ xarakterli aktının tələblərinə uyğun olmalı, habelə filial və şöbələrdə aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində banka ötürülməsi üçün informasiya sistemləri mövcud olmalıdır.

11.2-1. Yerli bank yerli filial, şöbə və ya nümayəndəliyin açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə filial, şöbə və ya nümayəndəlik açmaq barədə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti, habelə filial, şöbə və ya nümayəndəliyin inzibatçıları barədə bu Qanunun 11.3.5-ci maddəsində göstərilən sənəd və məlumatlar əlavə olunur. Bildirişdə filial, şöbə və ya nümayəndəliyin ünvanı, fəaliyyətə başlaması vaxtı, habelə inzibatçıları barədə bu Qanunun 10.6-cı maddəsində göstərilən məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bank tərəfindən yerli filialın, şöbənin və ya nümayəndəliyin açılması üçün bu Qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya banka qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməməsi ilə bağlı banka yazılı məlumat göndərilmədikdə müvafiq yerli filial, şöbə və ya nümayəndəlik fəaliyyətə başlaya bilər.

11.3. Yerli bank xarici filialını və ya nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka yazılı müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

11.3.1. bankın filial və ya nümayəndəlik açmaq barəsində səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;

11.3.2. filialın və ya nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla yanaşı filial və nümayəndəliyin ünvanı, bank fəaliyyət növləri (yalnız filiallar üçün), inzibatçıların səlahiyyətləri, bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir;

11.3.3. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilat strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-plan;

11.3.4. filialın və ya nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək haqqında bankın səlahiyyətli orqanının qərarının surəti;

11.3.5. filialın və ya nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi şəxslərdə mühüm iştirak paylan göstərilməklə siyahısı, peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

11.3-1. Bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

11.4. Mərkəzi Bank müraciətdə və ya müraciətə əlavə edilən sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 11.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 təqvim günü müddətində ərizəçiyə yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Mərkəzi Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.

11.5. Yerli bankın xarici filialının və ya nümayəndəliyinin açılmasına icazə alınması üçün ərizənin qəbul edildiyi barədə bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində Mərkəzi Bank müraciətə bu Qanunda müəyyən edilmiş əsaslara görə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Mərkəzi Bank qəbul etdiyi qərarı banka göndərir. Mərkəzi Bank müraciətə müsbət baxdığı halda, dərhal icazə verir. İcazədə xarici filialın və ya nümayəndəliyin məşğul ola biləcəyi fəaliyyətin xarakteri və miqyası haqqında məlumat, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında Mərkəzi Bankın qərarında onların əsasları göstərilməlidir.

11.6. Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildikdə onların fəaliyyət göstərəcəyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı ilə müəyyən edilmiş qaydada qarşılıqlı əməkdaşlıq əsasında müvafiq filialın və ya nümayəndəliyin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır.

11.7. Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir.

11.8. Bank filial, şöbə və nümayəndəliklərinin fəaliyyətlərinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş struktur bölməsinin aktiv və öhdəliklərinin banka və ya bankın digər struktur bölməsinə ötürülməsi qaydası göstərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver