24.1. Bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:
24.1.1. bankın nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;
24.1.2. bankın reqlamentini qəbul etmək və reqlamentə əlavə və dəyişikliklər etmək;
24.1.3. bankın faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətini, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;
24.1.4. digər hüquqi şəxslərin kapitalında bankın iştirakı barədə qərarlar qəbul etmək, bankın filiallarını və nümayəndəliklərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, onların əsasnamələrini təsdiq etmək;
24.1.5. növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək;
24.1.6. bankın büdcəsini qəbul və təsdiq etmək;
24.1.7. bankın İdarə Heyətinin üzvlərini təyin və azad etmək, İdarə Heyətinin əsasnaməsini təsdiq etmək;
24.1.8. bankın Müşahidə Şurasının üzvlərini təyin və azad etmək, əsasnaməsini təsdiq etmək, bu Qanunun tələbləri nəzərə alınmaqla bankın inzibatçılarının işə götürülməsi müddətlərini və şərtlərini müəyyənləşdirmək;
24.1.9. Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, bankın inzibatçılarının bank adından və bank hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərini və həmin səlahiyyətlərin bankın digər əməkdaşlarına verilməsi hüququnun hədlərini müəyyənləşdirmək;
24.1.10. bu Qanunun 28-ci maddəsinə əsasən bank inzibatçılarının kommersiya maraqlarmı açıqlaması haqqında qaydaları və həmin qaydalara dəyişiklik və əlavələri qəbul etmək;
24.1.11. bankın törəmə təsərrüfat cəmiyyətlərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, başqa bankın satın alınması barədə qərarlar qəbul etmək;
24.1.12. nizamnamə kapitalının artırılması və azaldılması barədə qərarlar qəbul etmək, bank səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, habelə bankda mühüm iştirak payının əldə edilməsinə razılıq vermək;
24.1.13. bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarını təsdiq etmək, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividentlərin ödənilməsi barədə qərar qəbul etmək;
24.1.14. bankın satılması, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək;
24.1.15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə, bu Qanunla və bankın nizamnaməsi ilə səlahiyyətinə aid edilmiş digər məsələləri həll etmək.
24.2. bu Qanunun 24.1.2 - 24.1.7-ci maddələri ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər həll edilmək üçün bankın Müşahidə Şurasına verilə bilər.
24.3. Bankın təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli sayılır. Səhmdarların sonrakı ümumi yığıncaqları (o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar) bütün səsvermə hüququ olan səhmlərin azı 60 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətli sayılır. Bankın təsis yığıncağında onun yaradılması, nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar yekdilliklə qəbul edilir. Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi, bankın satılması, yenidən təşkili, başqa bankın alınması və bankın fəaliyyətinə xitam verilməsi məsələləri üzrə qərarlar yığıncaqda təmsil edilən səhmdarların 75 faiz səs çoxluğu ilə qəbul olunur. Banka aidiyyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilir. Bütün digər qərarlar yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul olunur.
24.4. Səhmdarlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, bankın nizamnamə kapitalındakı paylarına mütənasib səs hüququna malikdirlər. Hər bir səhmdar səhmdarların ümumi yığıncağında özünün səs hüququnu həm şəxsən, həm də səlahiyyətli nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Etibarnamə yazılı şəkildə rəsmiləşdirilir və yığıncağın protokoluna qoşulur. Etibarnamə yığıncaq başlananadək verilir. Səhmdarları qanuni əsasda təmsil edən şəxslər üçün ayrıca etibarnamə tələb olunmur. Həmin şəxslər bu cür səlahiyyətlərini təsdiqləyən sənəd təqdim edirlər.
24.5. Səhmdarların növbəti və növbədənkənar yığıncaqları keçirilə bilər. Səhmdarların hər bir növbəti ümumi yığıncağının keçirilməsi günü, yeri, vaxtı və gündəlik üzrə materiallarla tanış olma qaydası barəsində bildirişlər, habelə həmin yığıncağın gündəliyi yığıncağın keçirilməsi gününə ən azı 45 təqvim günü qalmış səhmdarlara göndərilir və bu barədə mediada məlumat dərc etdirilir. Bildirişlə birlikdə göndərilən gündəliyə daxil edilməmiş məsələlər üzrə qərar qəbul olunmasına yol verilmir. Növbəti yığıncaqlar ildə bir dəfədən az olmayaraq keçirilir. Növbəti yığıncaqlar bankın hər il üçün maliyyə hesabatı tərtib edildikdən və kənar auditor yoxlamasından keçdikdən sonra ən geci iki ay ərzində keçirilir.
Növbədənkənar yığıncaqlar səsvermə hüququ olan səhmlərin azı 5 faizinin mülkiyyətçilərinin, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə çağırıla bilər. Növbədənkənar yığıncaqların çağrılması qaydası və müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
24.6. Səhmdarların yığıncağında səsvermə hüququna malik olan bütün səhmdarlar təmsil olunmuşdursa, yığıncaq onun çağırılması vaxtından və üsulundan asılı olmayaraq səlahiyyətli sayılır. Səsvermə hüququna malik olan səhmdarların hamısı yekdilliklə razılıq verərsə, bu yığıncaq gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.