32.1. Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:
32.1.1. tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;
32.1.2. kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri;
* (32.1.2-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
32.1.3. fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması;
32.1.4. klirinq, ödəniş xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, ödəniş sistemlərinin təşkili, qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlərin aparılması;
32.1.5. çek və veksellərin buraxılması;
32.1.6. öz hesabına və ya müştərilərin hesabına çeklərin, köçürmə veksellərinin, qiymətli metalların və qiymətli daşların, habelə öz hesabına valyuta və faiz dərəcələrinə aid törəmə maliyyə alətlərinin alqı-satqısı.
32.1.6-1. öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
32.1.6-2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan həcmdə və qaydada qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi;
32.1.7. qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;
32.1.8. öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması;
32.1.10. maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;
32.1.11. kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi;
32.1.12. sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);
32.1.13. qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi;
32.2. Banklar bu Qanunun 32.1-ci maddəsində sadalanan fəaliyyət növlərindən başqa bu Qanunun 33-cü maddəsində göstərilən fəaliyyət növləri istisna olmaqla, digər qanunlarla nəzərdə tutulmuş fəaliyyət növlərini də həyata keçirə bilərlər.
32.3. Bu Qanunun 32.1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü üçün qanunvericiliyə əsasən əlavə olaraq xüsusi razılıq (lisenziya) tələb edildikdə banklar yalnız müvafiq xüsusi razılıq (lisenziya) aldıqdan sonra onları həyata keçirə bilərlər.