Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Prudensial normativlər və tələblər

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Banklar fəaliyyətləri dövründə öz aktivləri, balansarxası öhdəlikləri və kapitalının miqdarı ilə bağlı Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə və tələblərə, o cümlədən açıq valyuta mövqeyinə riayət etməlidirlər.

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni normativlər və tələblər, onlarda dəyişikliklər banklara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə və məcmu kapitalın minimum miqdarına aid tələblərə dəyişikliklər isə banklara rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.

34.2. Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:

34.2.1. nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarmı;

34.2.2. məcmu kapitalın minimum miqdarmı (xarici bankların yerli filialları üçün məcmu kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarını);

34.2.3. əsas və məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə (xarici bankların yerli filialları üçün əsas və məcmu kapitala bərabər tutulmuş vəsaitin risk dərəcəsi üzrə ölçülmüş aktivlərə) nisbətini ( kapitalın adekvatlıq əmsallarını);

34.2.4. likvidlik göstəricilərini;

34.2.5. bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üçün kredit risklərinin maksimum miqdarını;

34.2.6. məcmu iri kredit risklərinin maksimum miqdarım;

34.2.7. aidiyyəti şəxslərə verilmiş kreditlərin maksimum miqdarmı;

34.2.8. aidiyyəti şəxslərə verilmiş məcmu kreditlərin maksimum miqdarmı;

34.2.9. digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum miqdarını;

34.2.10. digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarını;

34.2.11. açıq valyuta mövqeyinin limitlərini;

34.2.12. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı olaraq, mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələbləri;

34.2.13. faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri;

34.2.14. aidiyyəti şəxslərlə aparılan əməliyyatlara aid tələbləri;

34.2.15. aktivlərin və passivlərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunluğuna dair tələbləri.

34.3. Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının fəaliyyətinin tənzimlənməsini həyata keçirdikdə, bu Qanunun 34.2-ci maddəsində göstərilən prudensial normativlərin və tələblərin hamısını və ya bir hissəsini tətbiq edir.

34.4. Banklar Mərkəzi Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.

34.5. Mərkəzi Bank bankların fəaliyyət riskini azaltmaq, əmanətçilərin və kreditorların mənafelərini qorumaq məqsədilə bu Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan normativ və tələblərdən başqa beynəlxalq bank nəzarəti praktikasında qəbul olunmuş əlavə normativlər və tələblər müəyyən etmək hüququna malikdir. Mərkəzi Bank bankların sistem əhəmiyyətliliyi və (və ya) risk profili nəzərə alınmaqla, onlar üçün müəyyən edilmiş normativlərdən və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.

34.6. Mərkəzi Bank xarici kapitallı banklar və xarici bankların yerli filialları üçün öz aktivlərini Azərbaycan Respublikasında yerləşdirmək barəsində tələblər müəyyən edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver