36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir.
36.2. Müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara, habelə bu Qanuna və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Mərkəzi Bank ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
36.3. Bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin tələbi ilə öz bank lisenziyasını təqdim etməlidir.
36.4. Banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.
36.5. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.
36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
36.7. Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.