37.1. Hüquqi və fiziki şəxslərin bankda olan pul vəsaitinə və digər sərvətlərinə qanunda nəzərdə tutulan hallarda və qaydada məhkəmənin və ya icra məmurunun qərarı ilə həbs qoyula bilər. Bank, hesabın üzərinə həbs qoyulması barədə müvafiq qərarı aldığı andan depozitlər (əmanətlər) və digər hesablar üzrə məxaric əməliyyatlarmı həbs qoyulmuş vəsait həcmində dayandırmalıdır.
Bankların müxbir hesablarına həbs yalnız məhkəmənin qərarı ilə bankın özünə qarşı olan tələblər üzrə öhdəlik məbləğində qoyula bilər.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan bank əməliyyatının icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. Banklar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.
37.2. Müştərinin bankda olan pul vəsaiti və digər sərvətləri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər.
37.3. Bank müştərilərin pul vəsaitinə və digər sərvətlərinə həbs qoyulması, müsadirə edilməsi, yaxud tələb yönəldilməsi nəticəsində müştərilərinə və ya kreditorlarına dəymiş zərər üçün məsuliyyət daşımır.