Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 42

Maddə 42. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

42.1. Kredit təşkilatları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.

42.2. Kredit təşkilatları qanunla müəyyən olunmuş hallarda və qaydada müştəriyə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidirlər.

42.3. Uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə (xüsusi otaqlarda və ya seyf qutularında saxlanılmasına), anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilmir.

42.4. Bu Qanunun 42.1–42.3-cü maddələrində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver