41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
41.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir və müştəri tərəfindən əl imzası (notariat qaydasında və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənməklə), gücləndirilmiş elektron imza və ya məsafədən bank hesablarının açılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən digər üsul ilə imzalanır. Həmin razılıqda bank sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulan şəxslər, verilən məlumatların dairəsi, məlumatların verilməsi müddəti (müəyyən edildiyi halda) və məlumatların verilməsi ilə bağlı müştərinin zəruri hesab etdiyi digər şərtlər aydın şəkildə göstərilməlidir. Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən digər şəxslərə yalnız aşağıdakı hallarda verilir:
41.2.1. nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı – Mərkəzi Banka;
41.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – vergi orqanlarına;
41.2.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 76-1-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə vergi orqanları vasitəsilə – həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına;
41.2.4. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq – maliyyə monitorinqi orqanına;
41.2.5. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə – Mərkəzi Seçki Komissiyasına;
41.2.6. “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada – Əmanətlərin Sığortalanması Fonduna;
41.2.7. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra sənədinin məcburi icraya yönəldilməsi ilə əlaqədar bank saxlancında əmlakın və bank hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə – icra məmurlarına;
41.2.8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə – miqrasiya orqanlarına;
41.2.9. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq – Azərbaycan Respublikasının Hesablama Palatasına;
41.2.9-1. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən hüquqi şəxslər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesabları üzərində müşahidə funksiyalarının yerinə yetirilməsi ilə bağlı – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
41.2.10. ixracda hesablaşmalara dövlət nəzarəti ilə bağlı ixrac olunmuş mal (xidmət) müqabilində bank hesabına vəsaitin köçürülməsi barədə – gömrük orqanlarına;
41.2.10-1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – rəqabət orqanına;
41.2.11. cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında – müvafiq dövlət orqanlarına və onların vəzifəli şəxslərinə;
41.2.12. məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında – məhkəmələrə;
41.2.13. müştəri vəfat etdikdə onun hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə məlumatlar icraatında olan vərəsəlik işləri üzrə – notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə;
41.2.14. bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bu Qanunda nəzərdə tutulmuş qaydada – müvafiq kreditorlara;
41.2.15. bankın aktiv və (və ya) öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada köçürülməsi (ötürülməsi/satılması) zamanı – aktiv və (və ya) öhdəlikləri qəbul edən şəxslərə;
41.2.16. bankın audit yoxlaması zamanı – kənar auditorlara;
41.2.17. bankın qanuni maraqlarının qorunması məqsədilə və yalnız bu məqsədlər üçün tələb olunduğu həcmdə müştərinin borc öhdəliyi barədə məhkəməyə, hüquq mühafizə orqanlarına, banka hüquqi yardım göstərən vəkilə, habelə bankın öz təşəbbüsü, yaxud qanunda və ya müqavilədə nəzərdə tutulduqda – arbitraj məhkəməsinə, mediatora, mübahisələrin digər alternativ həlli mexanizmini həyata keçirən şəxslərə;
41.2.18. ödəniş xidmətlərinin göstərilməsi zamanı – digər ödəniş xidməti təchizatçılarına, vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə.
41.3. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.
41.4. Mərkəzi Bank ilə xarici dövlətlərin bank tənzimləməsi və nəzarəti orqanları arasında qarşılıqlı əməkdaşlığa dair sazişə uyğun olaraq informasiya mübadiləsinin predmeti müvafiq dövlətin ərazisində fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə hazırlaşan subyektlər haqqında informasiyadırsa, belə informasiya bank sirrinin açılması hesab edilmir, bir şərtlə ki, bu informasiya üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti məqsədləri üçün istifadə edilir.
41.5. Bankların mövcud və keçmiş inzibatçıları, digər əməkdaşları, səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan, habelə bu Qanunun 41.2-ci və 41.3-cü maddələrində nəzərdə tutulmuş şəxslər əldə etdikləri bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açıqlanmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
41.6. Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.