46.1. Bank və xarici bankın yerli filialı maliyyə vəziyyətinin qiymətləndirilməsi və fəaliyyətinə nəzarət olunması məqsədilə Mərkəzi Banka prudensial hesabatları (bank tərəfindən həmçinin törəmə təsərrüfat cəmiyyətlərini daxil edən konsolidasiya əsasında tərtib edilmiş prudensial hesabatları), habelə bank statistika hesabatlarını təqdim etməlidirlər. Prudensial və bank statistikası hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
46.2. Banklar və xarici bankların yerli filialları yerlərdə Mərkəzi Bankın əməkdaşları və ya Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar tərəfindən yoxlanılır. Banklarda və xarici bankların yerli filiallarında yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır.
46.3. Bu Qanunun 46.1.-ci və 46.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Banka və onun təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir:
46.3.1. istənilən banka, onun filiallarına, şöbələrinə, törəmə təsərrüfat cəmiyyətlərinə, habelə xarici bankın yerli filialına daxil olmaq və onların hesabatlarını, mühasibat kitablarmı, sənədlərini və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək;
46.3.2. bankın, onun törəmə təsərrüfat cəmiyyətlərinin, bankda mühüm iştirak payına malik olan şəxslərin, banka aidiyyəti olan şəxslərin, bankın filialının, şöbəsinin və xarici bankın yerli filialının inzibatçılarından, əməkdaşlarından və agentlərindən həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, o cümlədən müştərilərin əməliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı verməyi tələb etmək.
46.4. Xarici bankın yerli nümayəndəliyi özünün fəaliyyətinin qanunvericilikdən və əsasnaməsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını göstərmək üçün özünün idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında hesabatları Mərkəzi Banka təqdim etməlidir. Hesabatın forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Hesabat məlumatlarmı dəqiqləşdirmək məqsədilə Mərkəzi Bankın əməkdaşları xarici bankın nümayəndəliyini yerində yoxlaya bilər.
46.5. Bank, onun törəmə təsərrüfat cəmiyyəti, filialı və şöbəsi, xarici bankın yerli filialı və nümayəndəliyi bu maddəyə uyğun vəzifələrin icrası zamanı Mərkəzi Bankın əməkdaşlarına və ya onun tərəfindən təyin edilmiş auditorlara zəruri təşkilatı və texniki imkanları yaradır.
46.6. Qarşılıqlılıq prinsipinə əsasən xarici bank tənzimləməsi və nəzarəti orqanlarının sorğuları, habelə məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Bank başqa şəxslərin tələbi ilə banklarda və xarici bankların yerli filiallarında yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa səlahiyyətli deyildir.
46.7. Azərbaycan Respublikasında vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bankların və xarici bankların yerli filiallarının fəaliyyətini yalnız vergi ödəyiciləri qismində yoxlaya bilər. Yoxlamaların keçirilməsi zamanı bank müştərilərinin hesabları və əməliyyatları ilə bağlı məlumatlar və sənədlər yalnız bank sirrini təşkil edən məlumatların açıqlanması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalara uyğun əldə edilir.
46.8. Banklar və xarici bankların yerli filialları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.